Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır.

Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır.

Təranə Rüstəmzadə 

YAP Suraxanı rayon təşkilatının üzvü

S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın müəllimi

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciəti dünyanın bir sıra ölkələrinin mətbuatında geniş işıqlandırıldı.  Bu müraciətdə Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktları və təxribatlar, eləcə də mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması barədə fikirləri yer alıb.

İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün  minalardan istifadə olunmuşdur. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmiş, Ermənistanın şəksiz məğlubiyyəti gözlər önünə sərilmişdir. Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyərək mülki insanların zərər görməməsi üçün əlindən gələni etmişdir.  Xalqa müraciətdə vurğulanır ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Bununla da kifayətlənməyərək terror əməliyyatları keçirmişdir.

Ermənilər Azərbaycan torpaqlarını tərk edərkən də bir daha öz iyrənc adətləri üzrə torpaqlar-mızda dağıdıcı izlər buraxdılar. Və əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Bu Azəbaycan xalqı üçün nə qədər ağır vəziyyət olsa da, ərazi bütövlüyümüz hər kəs üçün ən vacib məsələ, eləcə də ordumuz üçün canı, qanı bahasına həll olunmalı bir məsələ olmuşdur.        

Əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Yazılarda dövlətimizin başçısının kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması və Qarabağda yaşayan erməni əhalisinin də ,nəhayət, rahat nəfəs ala biləcəyi barədə fikrinə istinad edilib və erməni əhaliyə aşağıdakı mesajları diqqətə çatdırılıb: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır.

Sadəcə erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Ona görə də Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Çünki biz nə ediriksə, mülki insanlara zərər gətirmədən, öz ölkəmizin ərazi bütövlüyü üçün edirik.

Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Biz onlarla sülh və barış içində birgə yaşayış planlayırıq. Bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunacaq görüşdə biz gələcək ilə bağlı olan baxışlarımızı çatdıracağıq. Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Müraciətin sonlarına doğru Prezident cənab İlham Əliyev  bildirdi ki, işğaldan azad olunmuş bütün ərazilər inkişaf olunacaqdır.

 Uzun illərdir atababa yurdlarından didərgin düşən vətəndaşlarımız qısa müddətdə öz torpaqlarına qayıdacaqlar Hər şey əsaslı olmalıdır və oraya qayidacaq insanlar ən yaxşı şəraitlə təmin olunmalıdır. Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir.

 Sonda  qeyd etmək lazimdir ki, İşğaldan azad edilmiş ərazilərimizdə aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.