Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Qadınlar cəmiyyətin dayağıdır” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə, filoloq Zərifə Mikayılova, şəhid anası Xalidə Həmzəyeva, şairə Sumayə Yunusova, neftçi Nazilə Quluzadə, 154 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Dilarə Seyidova, Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova, Zığ Bələdiyyəsinin sədri Arzu Aslanova, 84 nömrəli tam orta məktəbin direktoru Röya İslamova, bədii-qiraətçi Bəhiyyə Nağıyeva, Bakı Uşaq və Gənclər Teatrının əməkdaşı Aygün Kərimova, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin əməkdaşı Ülkər Əliyeva iştirak ediblər.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova öz növbəsində bütün qadınların “8 Mart – Beynəlxalq Qadınlar Günü”nü təbrik edərək dedi ki, bu gün müstəqil respublikamızda qadın hüquqları etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycanda qadınların ictimai-siyasi həyatda rolu da getdikcə artır. Milli Məclisdə və yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi ildən-ilə yüksəlir. Azərbaycanda qadın siyasəti dövlət tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş əsaslar hazırda Prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirilir. Həmçinin ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadınların ictimai və mədəni həyatda rolunun artmasına mühüm töhfə verir.
Digər natiqlər də çıxış edərək bildiriblər ki, bir cəmiyyətin ruhu, onun qadına verdiyi dəyərlə formalaşır. Tarix boyu sübut olunub ki, qadının təhsilli, azad və xoşbəxt olduğu hər bir cəmiyyət tərəqqiyə məhkumdur. Çünki qadın ayaqdadırsa, cəmiyyət məğrur dayanır.
Sonda qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.