Prezidentin tövsiyyə və tapşırıqları bütün vəzifəli şəxslərə, ismarıcları isə Azərbaycan cəmiyyətinə idi
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Siyasət daim yenilənməyə, idarətetmə sistemi həmişə islahata ehtiyac duyan bir sahədir. Dünyanın siyasi arenasında olan dövlətlər, siyasi təşkilatlar hər zaman öz seçicilərinin, üzvlərinin, vətəndaşlarının qarşısına yeniliklərlə çıxırlar. Azərbaycan hakimiyyətinin, dövlət başçısı cənab İlham Əliyevin şəxsi reytinqi və fəaliyyəti xalqın nəzərində çox yüksək qiymətləndirilir. Lakin Prezident daim islahatların həyata keçirilməsinin tərəfdarıdır. 18 illik Prezidentlik müddətində ölkənin yalnız vizual mənzərəsi dəyişməyib. Cənab Prezident həm də dövlət idarəetməsinin mahiyyətini müsbət istiqamətdə dəyişə bilmişdir. Son zamanlar yüksək vəzifəli postlarda təmsil olunanların nəinki vəzifələrini itirmələri, hətta həbs edilmələri cəmiyyətimizə ötürülmüş çox mühüm bir ismarıcdır. Belə ki, vətəndaş anlayır ki, qorxmaq, çəkinmək lazım deyildir. Əgər hər hansısa bir məmur öz vəzifə səlahiyyətlərini aşırsa, bunu ictimailləşdirmək və hüquqi qiymətinin verilməsini təmin etmək lazımdır.
25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Qəbulda Prezident bir çox maraqlı fikir söyləmişdir. Əslində Prezidentin tövsiyyə və tapşırıqları bütün vəzifəli şəxslərə, ismarıcları isə Azərbaycan cəmiyyətinə idi. Dövlət başçısı “bütün vəzifəli şəxslər xalqın xidmətçisidir” fikirini bir neçə dəfə səsləndirib. Təəssüflər olsun ki, hələ də elə adamlar vardır ki, bu xəbərdarlıqlara məhəl qoymayaraq ölkədə aparılan islahatlara və yüksək inkişafa kölgə salmaqdadırlar. Halbüki təyin olunan hər bir məmura yüksək etimad göstərilir. Onlardan tələb olunan vəzifələr isə çox sadədir. Onların rəhbərlik etdiyi sahələrdə vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. Xüsusi ilə də şəhər-rayon icra hakimiyyətlərinin rəhbərləri həmin bölgənin əhalisinin qayğılarını öz qayğıları hesab etməlidirlər. Bəzən rayon rəhbərliyinin səlahiyyətləri çərçivəsində olan xırda, fərdi sosial problemlər ölkə miqyasında müzakirələrə səbəb olur. Belə hallardan istifadə edərək hakimiyyətə qarşı informasiya müharibəsi açılır. Bu kimi halların aradan qaldırılmasında lokal idarəetmə orqanları fəal iştirak etməlidirlər. Əlbəttə, ümumiləşdirmək doğru olmazdı. İslahatlar nəticəsində öz uğurlu fəaliyyətləri ilə cəmiyyətimizin ehtimadını, sevgi və hörmətini qazanan yüksək vəzifəli şəxslər də az deyildir.
Sosial ədalət prinsipinin qorunması, insanların özlərini rahat və azad hiss etmələri, əməklərinin, fəaliyyətlərinin qarşılığında lazımi qiyməti vaxtında almaları çox vacib məqamdır. Gecikən ədalət bir çox hallarda lüsumsuz fəsadlara səbəb ola bilir. Xüsusi ilə də Vətən Müharibəsi şəhid ailələri və qaziləri ilə işin təşkilində dövləti həssas təbəqədə təmsil olunan vətəndaşlar ilə üz-üzə gətirmək istəyən ünsürlər var. Bu adamlara, qruplara öz əməllərini həyata keçirmək üçün əsaslar vermək lazım deyil. Madam ki, Prezident və çox hörmətli Mehriban xanım Əliyeva vətən uğrunda canını, sağlamlığını itirən insanların ailələrini, özlərini diqqət və qayğı ilə əhatə edir, o zaman hər bir dövlət məmurunun, vəzifəli şəxsin, hətta hər bir vətəndaşın borcudur ki, bu məsələyə çox həssas yanaşsın. Biz bu qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. Lakin yerlərdə rayon, şəhər rəhbərləri onların qayğıları ilə yaşamalıdır. O, bu halda xeyirxah əməli ilə həm özünə, həm də təmsil etdiyi hakimiyyətə böyük hörmət qazandıracaqdır. Müharibədən ötən iki ilə yaxın müddət ərzində cəmiyyətimiz dövlətimizlə hər bir məsələdə olduğu kimi bu məsələdə də həmfikirdir. Dəmir yumruq ətrafında birləşən milyonların daha sıx birlikdə olmasına xidmət etmək lazımdır.
İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Artan əhalinin sayı hər il yeni açılan iş yerlərini də labüd və lazımlı edir. Dövlət aparatında iş yerlərinin sayı bəllidir. Yeni açılan iş yerləri özəl sektorun payına düşməlidir. İş adamları onlara yaradılan infrastruktur, kredit və subsidiya imkanları hesabına regionların inkişafında rol almaqdadırlar. Sahibkarlar bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. Yüksək vəzifəli dövlət məmurları işlədikləri sahələr üzrə sahibkarlara süni maneələr yaratmamalı, əksinə onlara dəstək olmalıdırlar. Lakin sahibkarlar da kölgə iqtisadiyyatından əl çəkərək qanuni fəaliyyətə üstünlük verməlidirlər. Ötən 6 ayın nəticələri göstərir ki, vergilər sahəsində iki milyard manat vəsait gözləniləndən artıq əldə olunmuşdur. Deməli, qanuni fəaliyyət göstərən sahibkarlara dəstək və kölgə iqtisadiyyatı ilə mübarizə, bu sahədə həyata keçirilən islahatlar öz faydalı nəticələrini verməkdədir.
Şəhər-rayon icra hakimiyyətlərinin başçıları rəhbərlik etdikləri bölgələrdə idarəetməni düzgün təmin etməlidirlər. Regionların potensiallarını doğru dəyərləndirməlidirlər. Azərbaycan yeraltı sərvətlərlə yanaşı turizm potensialına da malikdir. Bu məqamları dəyərləndirib, regionun ekoloji durumunu qorumaq və ekosistemə zərər verməmək lazımdır.
Vəzifəli şəxslər korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparmalı və icra başçıları burada nümunə olmalıdırlar. Son dövrlər həyata keçirilən islahatlar bir daha sübut edir ki, şəxsi maraqları milli və dövlət maraqlarından öndə tutan adamlar həyata keçirilən müsbət siyasətimizə kölgə sala bilməzlər. Məhz buna görə də hakimiyyət təmizlənir. Prezidentin bu yanaşması öz hərəkətlərində qüsurlar olanlar üçün ciddi siqnal olmalıdır. Belə adamlar ya əməllərinə aydınlıq gətirməli, Prezidentin əsas xəttinə uyğun davranmalıdırlar, ya da mütləq cəzalarını alacaqlar.
Sonda çoxminli üzvləri olan bir təşkilatın təmsilçisi kimi üzvlərimizdən gələn fikirləri də ümumiləşdirib deyə bilərəm ki, Prezidentin sosial ədalət prinsipinə əsaslanan qanundan heç kim üstün ola bilməz fikirləri cəmiyyətimiz tərəfindən böyük sevinclə qarşılanmışdır. Bu fikirlər və cənab Preizdentin ifadə etdiyi digər məqamlar vətəndaşlarımızın ümumi fikirlərinin təzahürüdür.