Prezidentin Brüssel səfəri milli maraqların təmin olunması istiqamətində böyük uğurdur

Prezidentin Brüssel səfəri milli maraqların təmin olunması  istiqamətində böyük uğurdur

Nisə Fərəcova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin direktoru

6 aprel Brüssel görüşü Ermənistan və Azərbaycanda yaşayan bütün xalqların təhlükəsiz, sabit, dinc və firavan yaşaması üçün bir tövhədir. Brüsseldə vurğulanmış əsas məqam Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Bu sənəd ədalətin və sülhün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində mühüm addımdır.

Liderlər eyni zamanda  2021- ci il dekabr ayında Brüsseldə keçirilmiş son görüşdən və 2022 -ci ilin fevral ayında Prezident Makronun iştirakı ilə videokonfrans formatında görüşdən sonra hadisələrin inkişafını və tərəflərin  üzərinə götürdüyü öhdəliklərinin icrası ilə bağlı irəliləyişi nəzərdən keçirdilər. Görüşdə tərəflərin həmçinin humanitar məsələlərin həlli ilə bağlı işlərin vacibliyi, minaların təmizlənməsi üzrə işlər, Azərbaycan və Ermənistan xarici işlər  nazirlərinə sülh sazişinin hazırlanması üzərində işləmək tapşırığı, aprelin sonunadək birgə sərhəd komissiyasının çağrılması və.s məsələləri üzrə birgə komissiya yaratması, sərhədlərin delimitasiya prosesinə başlaması barədə də razılıq əldə olunub

Son zamanlar Avropa İttifaqının Cənubi Qafqaza xüsusilə Azərbaycana marağı artıb. Belə ki, Avropalılar enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması istiqamətində danışıqlar aparır. Eyni zamanda bu, onu göstərir ki, rəsmi Bakının əvvələr irəli sürdüyü Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və tezliklə sülh sazişinin imzalanması kimi məsələləri onlar da dəstəkləyir. Brüsseldə keçirilmiş görüşlərdə, birgə bəyanatda "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinin işlədilməməsi, ATƏT-in Minsk qrupunun isə ümumiyyətlə adının çəkilməməsi bir daha münaqişənin keçmişdə qaldığını, sülh danışıqlarının daha çox ikitərəfli formata yönəldiyini, xüsusilə də status məsələlərinin artıq Azərbaycanın, Ermənistanın, Rusiyanın, hətta Avropanın belə gündəliyindən çıxarıldığını sübut edir. Cənab Prezidentin Brüssel səfərinin nəticələri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin  böyük uğurudur.

Beləliklə də Avropa İttifaqı şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində  inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.