Prezidentin 15 oktyabr 2023-cü il tarixində Xankəndidə olarkən söylədiyi nitqi xüsusi maraq doğurmuşdur
Məshəti Sadiqli
Suraxanı rayonu 323 saylı uşaq bağçasının müdiri
YAP Suraxanı rayonu təşkilatının ƏPT -nin sədr müavini
Müzəffər Ali baş Komandan İlham Əliyev ilk gündən Azərbaycanın hərtərəfli inkişafını qarşısına əsas məqsəd qoyaraq “İnkişaf məqsədimizdir” məfkurəsi, ideyası ilə qalib xalq, qalib dövlət meyarını, standartını formalaşdırdı. Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürməsində nə qədər haqlı olduğunun hər ötən il bir daha şahidi oluruq. Zaman göstərdi ki, Azərbaycanın Ümummilli Lider Heydər Əliyevdən və onun siyasi kursunu daha da inkişaf etdirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edən, ölkəmizi regionun ən inkişaf etmiş dövlətinə çevirən və dünyada etibarlı söz sahibi edən Müzəffər Ali Baş Komandan İlham Əliyevdən başqa nicat yolu yoxdur.Prezident İlham Əliyev Azərbaycan xalqının milli qürurunu, ləyaqətini özünə qaytardı.
2020-ci il noyabrın 8-də xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini verən Müzəffər Ali Baş Komandan İlham Əliyev dedi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın, dünya azərbaycanlıları!”
Prezident İlham Əliyevin Azərbaycan xalqına bu tarixi müraciətini Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdən 17 il ayırırdı. Prezident İlham Əliyev bu illər ərzində səbirlə, ən uyğun məqamı gözləməklə Azərbaycanı addım-addım qələbəyə yaxınlaşdırdı. Azərbaycan Prezidenti bu illər ərzində dövləti və xalqı üçün dəyərli olan hər bir şeyi qorumaqla dünyada güclülərin ən güclüsünə çevrildi.
Ən nəhayət, Azərbaycan xalqını, rəşadətli ordumuzu qələbəyə ruhlandıraraq 30 illik həsrətində olduğumuz dədə-baba torpaqlarımızı azad etdi, Türk-İslam dünyasına 200 ildən sonra qələbə gətirən Ali Baş Komandan oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə onilliklər boyunca işğal altında qalan əzəli torpaqlarımızı azad etməklə deyil, eyni zamanda, milli-mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi, elm və təhsilimizi ən ali səviyyədə qorumaqla, müasir dünyanın tələbləri çərçivəsində inkişaf etdirməklə də qayğıkeş bir rəhbər oldu.
Prezident İlham Əliyevin hər bir sahə ilə bağlı həyata keçirdiyi tədbirlər Ulu Öndərin ideyalarına əsaslanır.Vətən sevgisi,vətən istəyi hər bir azərbaycanlının ürəyində yurd salan bir məşəldir. Məhz bu istək 2020-ci ildə Azərbaycan xalqını bir yumruq ətrafında topladı, xalq öz prezidentinin ətrafında birləşib torpaqlarımızı geri almağa nail oldu.
Prezidentimiz İlham Əliyev həmin torpaqlara səfərlərinin hər birində öz nitqində qarşısına qoyduğu məqsəd barədə ətraflı danışırdı. Bu səfərlərdən birində 15 oktyabr 2023-cü il tarixində Xankəndidə olarkən söylədiyi nitqi xüsusi maraq doğurmuşdur. İlham Əliyev ilk növbədə, həmin günün tarixi bir gün olduğunu bildirmişdir.
Xalqı qarşısında,dövləti qarşısında verdiyi sözü xatırlamış, 20 il ərzində qarşısına qoyduğu bütün vəzifələrin yerinə yetirdiyini söyləmişdir. Prezident Azərbaycan dövlətinin dünya miqyasında tutduğu mövqeyi , siyasi arenada əldə etdiyi uğurları, güclü iqtisadi nailiyyətlərin olduğunu xatırladaraq ölkəmizin daha da inkişaf edəcəyini xalqa çatdırmışdır.
Prezident İlham Əliyev bildirdi ki, biz güclü orduya malik olmağımızı, hərbi qüvvələrimizin mükəmməlliyini 44 günlük müharibə zamanı bir daha dünya səviyyəsində sübut etdik. İlham Əliyev həmçinin Azərbaycan xalqının, qorxmaz, döyüşkən Azərbaycan övladlarının da rolunu qeyd etmişdir. Şəhidlərimizin xatirəsini yad etmiş, onların ruhları qarşısında borclu olduğunu bildirmişdir.
O həmçinin Ulu Öndər Heydər Əliyevi xatırlayaraq onun dövlətçilik uğrunda, Azərbaycanın suverenliyi uğrunda gördüyü işlərdən,qarşılaşdığı çətinliklərdən danışdı.Bildirdi ki, o,atasının qoyduğu işləri davam etdirmək üçün hər zaman çalışmış, Azərbaycançılıq ideyası uğrunda hər bir kəslə ,hər yerdə mübarizə aparmışdır.
Sonda Prezident Azərbaycan xalqının bu qələbəyə layiq olduğunu bildirmişdir.Azərbaycan bayrağının altında həmin torpaqlarda gəzərkən böyük xoşbəxtlik, fərəh hissi keçirdiyini söyləmişdir.