Prezident Kəlbərəcərdə xüsusi önəm daşıyan bir çox layihənin reallaşması prosesinə nəzarəti şəxsən həyata keçirir

Prezident Kəlbərəcərdə xüsusi önəm daşıyan bir çox layihənin reallaşması prosesinə nəzarəti şəxsən həyata keçirir

Ziyafət Rəhimova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, Vüqar Bayramov adına körpələr evi və uşaq bağçasının müdiri

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə və Dəlidağdır.Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. Gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır.

Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı.Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə    kimin  kim olduğunu göstərdi. Belə ki, Ermənistan məğlub edilmiş,  Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər rayonu 27 ildən sonra nəhayət işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illərdi ki, səbirsizliklə gözləyirdi.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin bir güllə atılmadan, bir şəhid verilmədən azad edilməsini təmin etdi.Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır.

Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilmişdir.Prezident xalqa müraciətində diqqəti çəkən başqa bir mövzuya toxunaraq bildirdi ki, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb etdilər. Belə ki, Kəlbəcəri tərk edən ermənilər evlərə, digər tikililərə od vurur, elektrik yarımstansiyalarını, restoranları, bir sözlə, yararlı nə varsa hamısını talayıb dağıdır, habelə daşınması mümkün olan hər şeyi daşıyıb aparırdılar.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ötən ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyulub. Səfər zamanı, həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyan dövlətimizin başçısı avtomobil yollarının, tunellərin tikintisinin əhəmiyyətini vurğulayıb.

Həmçinin Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, İstisu sanatoriyasının təməlini qoyub. Dövlətimizin başçısı Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib. Göründüyü kimi, cəmi iki günlük səfər ərzində Ölkə Prezidenti hər biri xüsusi önəm daşıyan bir çox layihənin reallaşması prosesinin gedişinə və tamamlanmasına nəzarəti şəxsən həyata keçirib.

Beləliklə, Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi turizmin də inkişafı üçün böyük potensiala malikdir. Kəlbəcərdə infrastrukturun yaradılması xarici ölkələrdən turistlərin Kəlbəcərə cəlb olunmasına şərait yaradacaq.