Təhminə Əsgərli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
Dövlətimizin başçısı Zirvə toplantısında çıxış edib. O, çıxışında Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini, ötən il də Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etdiyini vurğulayıb. Şavkat Miromonoviç Mirziyoyevin yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etdiyini qeyd edən cənab İlham Əliyev bunun iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirməsi kimi qiymətləndirib. Həmçinin Cənab Prezident dövlətimizin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi təşkilatın işində fəal iştirak etdiyini, Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqləndiyini və Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun ECO-nun üzv dövlətləri üçün açıq olduğunu da toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Cənab İlham Əliyev çıxışında Azərbaycanda enerji sektorunun hazırkı vəziyyətindən də söz açıb. O bildirib ki, “Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına da xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir... Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq... Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”.
Dövlət başçısı çıxışında Azərbaycan-Ermənistan münaqişəsindən də danışıb. Cənab Prezident qeyd edib ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradıb və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin edib: “Ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik. Cari ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbiri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi."
Prezident İlham Əliyev çıxışında bu tarixi qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkürünü bildirib və Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verdiyini qeyd edib. Xatırlatmaq yerinə düşərdi ki,1992-ci ildə quruma daxil olmuş Azərbaycan ötən müddətdə təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürmüşdü.
2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev cənabları tərəfindən yenidən irəli sürülmüşdü. 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanmışdı. Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirməkdədir.. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Dövlət başçısı qeyd edib ki, təşkilat gələcək üçün də bir sıra əhəmiyyətli təşəbbüsləri dəyərləndirməkdədir. Rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilərək istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.
Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.
Təşkilata üzv olan əksər ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir. Sənədin mətnində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə təbrik yer alıb. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpasının mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur. Üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılır. Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürləridir.