Ermənistanın kapitulyasiya aktına məcburən imza atmasına biz səbəb olmuşuq

Ermənistanın kapitulyasiya aktına məcburən imza atmasına biz səbəb olmuşuq

Ülviyyə Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

24 Nömrəli Şəhər Poliklinikasının həkim-pediatrı

Dövlətimizin başçısı müşavirədə çıxışı zamanı ilin altı ayının yekunlarını müzakirə etmiş, görüləcək işlər haqqında danışmışdır. Ölkəmizin uğurla inkişafı, bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin icrasını, ölkəmizin beynəlxalq nüfuzunun artdığını, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının  institusional inkişafına böyük töhfə verib. Bu il Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısının keçirildiyini və Parlament Şəbəkəsinin yaradıldığını bildirmişdir. Prezident İlham Əliyev həmçinin Gənclər Platformasının da yaradılacağını və Gənclər forumunun keçiriləcəyini vurğulamışdır. Ehtiyac içərisində olan ölkələr üçün göstərilən dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərilən dəstək Azərbaycanın beynəlxalq nüfuzunu artırmışdır.

Cənab İlham Əliyev həmçinin Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparıldığını bildirmişdir. Avropa İttifaqı Şurasının Prezidenti ilə bir neçə görüşünün, həm də telefon danışıqlarının olduğunu, əsas mövzunun isə Azərbaycan  -Ermənistan münasibətlərinin normallaşması olduğunu müşavirədə vurğulamışdır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacağını və bunun əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracağını bildirmişdir.

Prezdent  Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın hər zaman fəallıq göstərdiyini də bildirmişdir. Bu il Türkiyə Prezidenti ilə üç görüşünün olduğunu, bu ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana səfər etdiyini və görüş keçirildiyini, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə görüşlərinin olduğunu vurğulamışdır. Belə ki, qonşu ölkələrlə əlaqələrin inkişafının hər zaman əsas prioritetlərdən biri olduğunu çıxışında söyləmişdir.

Prezident həmçinin ABŞ-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atıldığını, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərinin təşkil edildiyini bildirmişdir. Cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələrin olmadığını vurğulamışdır. Prezident delimitasiya üzrə işçi qrupların birinci görüşünün keçirildiyini  xüsusilə qeyd etmişdir. Bunu müsbət addım kimi qiymətləndirmiş, ikinci görüşün artıq praktik məsələlərin müzakirəsinə həsr olunacağını bildirmişdir. Eyni zamanda delimitasiyanın uzun bir proses olduğunu, tez nəticə gözləmədiyi vurğulamışdır.

Dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edildiyini bildirmişdir. Azərbaycanın bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etdiyini və bu mövqenin dəstəkləndiyini söyləmişdir. Həmçinin Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları ilə də müzakirə edildiyini və sülh danışıqlarının başlanması üçün əsas yaradıldığını bildirib.

Prezident Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasını da çıxışında vurğulayıb. Müharibədə məğlub edilmiş tərəf kimi Ermənistanın öz üzərinə öhdəliklər götürdüyünü, bu öhdəliklərin Bəyannamədə açıq-aydın göstərildiyini, onlardan birinin erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması olduğunu bildirmişdir. Ermənistanın bunu uzatdığını,bu məsələnin öz həllini tapmadığını söyləmişdir. Eyni zamanda 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı olduğunu, ancaq bu günə qədər bu imkanın yaradılmadığını bildirmişdir. Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasının  olmadığını, texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilinmədiyini vurğulayıb.

İlham Əliyev həmçinin Ermənistan rəhbərliyinin yenə də hansısa status haqqında danışmağa başladığını, baxmayaraq ki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl etsə də son zamanlar yenə də Qarabağın statusundan danışdıqlarını bildirib. Prezident  status haqqında danışmağın Ermənistan üçün təhlükəli məsələ olduğunu, lazım gələrsə bizim də status haqqında danışa biləcəyimizi, Zəngəzur üçün status tələb edə biləcəyimizi vurğulayıb. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparılıb.

Prezident bu altı ay ərzində hərbi sahədə də islahatlar aparıldığını, təlimlərlə bağlı ciddi addımlar atıldığını, yeni silahlı birləşmələr yaradıldığını, yeni kontraktlar imzalandığını, hərbi texnika, silah-sursatlar alındığını və yenə də alınacağını, ordu quruculuğu sahəsində işlərimizin davam etdiyini bildirib. Hərbçilərin sosial müdafiəsi məsələlərinin də Azərbaycanda yüksək səviyyədə təmin edildiyini, həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatların olduğunu, qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verildiyini, azad edilmiş torpaqlarda nə qədər böyük işlər görüldüyünü, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində olduğunu, onların həlli üçün müvafiq göstərişlər verildiyini vurğulamışdır. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilərin artıq ən müasir protezlərlə təmin olunduqlarını, reabilitasiya mərkəzlərinin yaradıldığını və ən müasir texnologiyalarla təchiz edildiyini bildirmişdir.

Prezident bildirmişdir ki, indi gələn ilin büdcəsi ilə bağlı iş başlamalı və hökumət bütün işlərə rəhbərlik etməlidir, bütün qurumlar arasında koordinasiya aparılmalı və gələn ilin büdcəsi qarşıda duran vəzifələri icra etmək üçün bizə imkan yaratmalıdır.  Gələn ilin büdcəsində əsas istiqamət olaraq yenə də sosial siyasətin olduğunu, bu istiqamətdə son illər ərzində çox böyük işlər görüldüyünü, gələn ilin büdcəsində infrastruktur layihələrinin icrasının nəzərdə tutulacağını və bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsinin önəmli olduğunu vurğulamışdır. İlham Əliyev avtomobil yolları, dəmir yolları, hava limanları, içməli su layihələri, yəni böyük layihələr icra edildiyini, növbəti mərhələdə sosial yönümlü infrastruktur layihələrin mütləq icra edilməli olduğunu bildirmişdir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda gedən işlərlə bağlı danışmış, artıq orada daimi iş yerləri yaradıldığını,  Şuşa şəhərində indi otellərin fəaliyyət göstərdiyini, beşulduzlu otelin inşa edildiyini və gələn il o otelin hazır olacağını, tarixi obyektlərin təmir ediləcəyini çıxışında bildirmişdir. Keçmiş məcburi köçkünlər arasında da ixtisaslar üzrə seçim aparılmalı olduğunu, onların  öz doğma torpaqlarına daha da tez qaytarılacağı, iş yerləri ilə təmin ediləcəyini bildirmişdir.

Prezident  həmçinin qeyd etmişdir ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcəyi və buna görə gələn ilin büdcəsində neftin qiymətinin düzgün seçilməli olduğunu bildirmişdir.

Prezident İlham Əliyev gələn il görüləcək işlərin ölkəmizi daha da gücləndirəcəyini, xalqımızın daha yaxşı yaşaması üçün Azərbaycan xalqına nə vəd verilibsə, onun bütün sahələrdə yerinə yetiriləcəyini vurğulamışdır.