Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib

Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib

Arzu Aslanova

Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri

YAP   Suraxanı   rayon   təşkilatının   fəal   üzvü

İlham Əliyev Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında olan sıx əməkdaşlıqdan, bu əməkdaşlığın hər iki ölkə üçün mühüm əhəmiyyətindən bəhs etmişdir. Ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.Bəyannaməyə əsasən iki tərəf arasında qurulan əməkdaşlıq çox yaxşı nəticə verib. Beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyət  iki ölkənin ümumi maraqlarını birlikdə ehtiva edir.

İki ölkə arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulmuşdur. Birgə Bəyannamədə, həmçinin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşmaq, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürütmək qeyd olunmuşdur.

İlham Əliyev müsahibəsində qeyd etmişdir ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.

İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq getdikcə artmaqdadır. Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasında yaradılıb.

Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb.

Sonda İlham Əliyev Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf etdiyini,iki ölkə arasında olan səfərlərin strateji tərəfdaşlıqlarının dərinləşməsinə yol açaçağını qeyd etmişdir.