Prezident İlham Əliyev: Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır
Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.
Bu sözləri Özbəkistanın Səmərqənd şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirilən görüşdə Prezident İlham Əliyev söyləyib.
Dövlətimizin başçısı bildirib ki, “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlər mövcuddur.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Çinin bir çox şirkətləri də bu işlərdə iştirak üçün müraciət edib. Azərbaycan Çin şirkətlərinin bu layihələrə daha fəal şəkildə cəlb olunmasını dəstəkləyir”.