Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – Ulu Öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına tarixi müraciətindən olan bu sözlər özünü təsdiqlədi.
20 il bundan əvvəl, məhz 15 oktyabr 2003-cü ildə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bəli, bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Bu iyirmi il ərzində Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, xalqın rifahının yaxşılaşması, müasir Azərbaycanın inkişafı, çiçəklənməsi, uğur və qələbə qazanması yolunda müvəffəqiyyətini daha da artırdı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı görülən davamlı tədbirlər, Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması, Olimpiya İdman Komplekslərinin, minlərlə təhsil müəssisələrinin, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası daha böyük vüsət aldı.
Prezident İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.
Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın sərhədləri boyunca bayrağımızın dalğalanması idi. 3 il bundan əvvəl - 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Zəfərlə sona çatdı. Bu Zəfər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, şanlı Ordumuzun gücü sayəsində əldə edildi. Tarixin yaddaşına, gələcək tarix dərsliklərinə qızıl hərflərlə yazılacaq bir zəfər təkcə torpaqların işğaldan azad edilməsi ilə bitmədi. Belə ki, Qələbədən sonra işğaldan azad olunmuş torpaqlarda abadlıq işlərinin aparılması, 30 il torpaq, yurd həsrəti çəkən vətəndaşların tarixi torpaqlara qaytarılması, Qarabağın iqtisadi cəhətdən inkişaf etdirilməsi “Zəfər planı”nın bir hissəsi idi. Bu zəfərlə Azərbaycan dünya arenasında güclü ordusu olan, ”Dəmir yumruq” ətrafında birləşən bir xalq ,dövlət kimi tanındı.
Üç il bundan əvvəl Azərbaycan işğala son qoymuşdusa, bu il - 2023-cü il 19 sentyabrda Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla suverenliyimizi tam bərpa etdi. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.
Cənab İlham Əliyev Azərbaycan dövlətinin güclənməsi, dünya azərbaycanlıların milli hüquqlarının müdafiəsi istiqamətində mənsub olduğu nəslin layiqli davamçısıdır. Cənab Prezident tarixin ən güclü Azərbaycanının Lideri kimi tarix yazmağa davam edir. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.