Parkda 8 Noyabr-Zəfər Gününü əks etdirən abidə ucaldılmışdır
İlhamə Şirinova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin müəllimi
44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Müzəffər Ordumuz Ali Baş Komandan Ilham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Vətən torpaqlarının düşməndən azad olunması sonsuz sevincimiz oldu. Azərbaycan xalqı öz tarixinin yaddaqalan və şanlı dönəmlərindən birini yaşayır.
Ölkə ərazisində kompleks bərpa işlərinin aparılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsinin təcəssümüdür. Şanlı Zəfərimizin dördüncü ildönümündə Bakıda Zəfər parkının açılışı oldu. Parkın girişində 44 Tag elementindən istifadə olunması rəmzi səciyyə daşıyır. Qələbəyə aparan şanlı yolu tərənnüm edir, həmçinin parkda 8 Noyabr-Zəfər Gününü əks etdirən abidə ucaldılmışdır.
Zəfərin əldə olunmasında canını fəda etmiş vətən oğullarının müstəsna rolu olmuş və bu abidənin açılması onların xatirələrinin əbədiləşdirilməsində mühüm əhəmiyyətə malikdir. Bu abidə Zəfər günü və Azərbaycan xalqının sarsılmaz birliyini təcəssüm etdirir. Zəfər parkında və tərtib olunan muzeydə bir çox önəmli rəmzlərin olduğunu deyən Dövlət Başçısı qeyd etmişdir ki, bu rəmzlər bizimlə əbədi olacaqdır, Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Torpaqlarımızın azad olunması uğrunda tarixi qələbəyə gedən yolu bütün şəhidlərimizin xatirəsini yaşatdırmaq məqsədi ilə parkın ərazisində Zəfər Muzeyi yaradılmışdır. Muzeydə Vətən Müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq nümunələrin hər biri xalqımızın mübarizə əzmini nümayiş etdirəcəkdir.
Ölkə Başçımız Zəfər Parkının açılışı zamanı burada üçrəngli dövlət bayrağını ucaltdı. Cənab Prezident Zəfər parkında birbaşa xalqa müraciət etmişdi: “ Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Biz şəhidlərimizin qisasını qanını döyüş meydanında aldıq. 44 günlük Vətən Müharibəsi bizim şanlı tariximizdir, parlaq qələbəmizdir.“