Ölkədə dövlətçilik institutu yenidən qurulmağa başladı

Kamran Xəlilov
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
1988-ci ildən etibarən SSRİ miqyasında baş qaldıran millətçi və mərkəzdənqaçma meyilləri Azərbaycan SSR-də də özünü göstərməyə başladı. Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsi hərəkatı geniş xalq dəstəyi qazandıqca, sovet rəhbərliyinə qarşı etimadsızlıq güclənirdi. Bu dövrdə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə gətirilmiş Əbdürrəhman Vəzirov həm Qarabağ münaqişəsinin alovlanması, həm də xalqın tələblərinə qarşı sərt və qeyri-populyar siyasəti ilə yadda qaldı. Onun siyasi oriyentiyası Heydər Əliyev və onun ətrafının tənqidinə yönəlmişdi. Bu kimi amillər isə Qarabağ münaqişəsinin gündəminə daha çox yönələn xalq kütlələri ilə onun arasında olan siyasi məsafəni daha da artırırdı. Onun Moskvaya bağlılığı və milli məsələlərdə mərkəzdənkənar və birbaşa münasibət göstərə bilməməsi hakimiyyət böhranını genişləndirirdi.
Hökümət ilə xalq arasındakı yaranmış uçurum - 1990-cı il 20 Yanvar hadisələri ilə kulminasiya nöqtəsinə çatdı. Moskvanın göstərişi ilə Bakıya daxil olan sovet qoşunları yüzlərlə insanı qətlə yetirdi, bu isə Vəzirovun tamamilə nüfuzdan düşməsinə səbəb oldu.Vəzirovun hakimiyyətdən uzaqlaşdırılması ilə Ayaz Mütəllibov rəhbərliyə gətirildi. SSRİ-nin dağılma prosesində Azərbaycanın müstəqillik yoluna qədəm qoyması onun hakimiyyəti dövrünə təsadüf edir.1991-ci il 30 avqustda müstəqillik bəyannaməsi, oktyabrın 18-də isə Konstitusiya Aktı qəbul olundu. Lakin bu dövr dərin sosial-iqtisadi böhran, işsizlik, ərzaq qıtlığı və milli parçalanma ilə müşayiət olunurdu.
Qarabağ münaqişəsi getdikcə genişlənir, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın müxtəlif rayonları müharibəyə cəlb olunurdu.1991-ci il noyabr ayında baş verən Qarakənd vertolyot faciəsi, yuxarı rütbəli dövlət və hərbi rəsmilərin həlak olması ilə Azərbaycan cəmiyyətində böyük şok yaratdı. Bu hadisə dövlət idarəçiliyində xaosa və etimadsızlığa yol açdı.Nümayişlərini bağımsızlıqdan sonrada davam etdirən Xalq Cəbhəsi kütləvi etirazları davam etdirirdi, Xalq Cəbhəsinin yekun istəyi indi daha da aydın idi - hakimiyyəti zəpt etmək.
1992-ci illərin əvvəllərinə gəldikdə, Xalq Cəbhəsi artıq hökümətdə müəyyən vəzifələri əlində saxlayırdı. İqtidar zəifliyi bütün ölkədə özünü açıq biruzə verirdi. Bunun fonunda vəziyyəti daha da pisləşdirən amil müharibənin şiddəti idi.Hakimiyyət davası arasında qalan və heç cürə birləşə bilməyən orduya vahid rəhbərlik yox idi. Azərbaycan tarixində dərin yara olan Xocalı faciəsindən sonra siyasi böhran genişləndi. 1992-ci ilin martında Mütəllibovun istefası ilə faktiki ölkə başsız qaldı. Xalq Cəbhəsinin hakimiyyətə gedən yolu tamamilə açıq idi. Lakin mayın əvvəlində onun səlahiyyətlərinin bərpası cəhdi "iqtidarlı" müxalifət tərəfindən qəzəblə qarşılandı, silahlı qruplar mühüm obyektləri ələ keçirdi və nəticədə Xalq Cəbhəsi faktiki olaraq hakimiyyəti ələ aldı.
Mütəllibovun istefası, daha doğrusu iqtidarsızlığı və ardınca baş verən hadisələr ölkədə siyasi vakuum yaratdı. Qarabağda vəziyyət daha da ağırlaşdı. 1992-ci ilin yaz-yay aylarında Şuşa və Laçının işğalı, ordunun koordinasiyasız fəaliyyəti səbəbilə ağır itkilər verilməsi, həm əhali arasında, həm də hakimiyyət daxilində dərin təlatümlərə yol açdı.
Elçibəyin iyun ayında keçirilən prezident seçkilərində qələbəsi ilə rəsmi hakimiyyət dəyişikliyi baş verdi.Lakin Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qarşılaşdığı problemləri idarə edə bilmədi. Ordu vahid komandanlığa tabe deyildi. Könüllü batalyonlar, bölgələrə məxsus silahlı dəstələr mərkəzi komandanlığa itaət etmirdi.Təchizat böhranı, hərbi əməliyyatların koordinasiyasız aparılması və siyasi gərginlik nəticəsində cəbhədə geri çəkilmələr qaçılmaz oldu.
İlk dövrlərdə cəbhədə müəyyən uğurlar əldə edilsə də, bu uğurlar daimi olmadı. Hakimiyyətinin hər günü daha da geriləyən AXC-Müsavat höküməti daxildədə sabit deyildi.Keçmiş hökümətə qarşı birgə fəaliyyət göstərən qüvvələr artıq bir-biri ilə üzləşirdilər. Hakimiyyət daxilindəki siyasi fikir ayrılıqları daha da dərinləşdi. Müdafiə və daxili işlər nazirlərinin bir-birinin ardınca istefas, Kəlbəcər işğalı və ardınca Surət Hüseynovun Gəncədə üsyan başlatması 1993-cü ilin iyun ayında ölkəni tam dağılma təhlükəsi ilə üz-üzə qoydu.
Hüseynovun rəhbərlik etdiyi silahlı dəstələr bir neçə şəhəri nəzarətə aldı, bu isə paytaxtda vəziyyəti gərginləşdirdi. Hökumət faktiki olaraq ordunun bir hissəsinə nəzarəti itirdi. Silahlı qarşıdurmalarda onlarca insan həlak oldu. Vətəndaş müharibəsinə aparan bu yol ölkənin parçalanması və dövlətçiliyin çökməsi ehtimalını gücləndirdi.
Ölkə böyük bir xaosun içində idi. İdeoloji boşluq, iqtisadi çöküntü,çox qısa vaxtda tez-tez baş verən hakimiyyət dəyişiklikləri,çevrilişlər,ayrı-ayrı siyasi və hərbi rəhbərlərin özbaşınalığı, Qarabağda erməni separatçılığı, Naxçıvan Muxtar Respublikasının blokadası və Bakı ilə siyasi əlaqələrin belə kəsilməsi, Şimalda "Sadval" problemi və ölkənin cənubunda mərkəzdən qərarlaşdırılmamış "Talış- Muğan" muxtariyyəti yaradılması və bu kimi dövlətin zəifləməsinə yol açan tədbirlər və müharibə ölkəni dalana dirəmişdi.
Bu ağır şəraitdə Prezident Elçibəy Naxçıvanda Ali Məclisə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etdi.Əliyevin siyasi nüfuzu və təcrübəsi böhranın qarşısının alınmasında mühüm rol oynadı.İyunun 15-də Ali Sovetin sədri seçilən Əliyev,iyunun 30-na qədər gedən danışıqlar vasitəsilə Gəncə üsyanını neytrallaşdırmağa nail oldu.Girovlar azad edildi, döyüş əməliyyatları dayandırıldı.Bu prosesin nəticəsi olaraq Elçibəy iyul ayında Bakını tərk etdi və iqtidar faktiki olaraq Heydər Əliyevin əlinə keçdi.
Heydər Əliyev ötən əsrin 70-ci illərindən sonra yenidən Azərbaycanda böyük hakimiyyətə qayıtdı. Hakimiyyət isə demək olar ki qalmamışdı və Heydər Əliyev öz təcrübəsindən istifadə edərək yenidən ilk olaraq mərkəzi hakimiyyəti möhkəmləndirdi.
Dövlət idarəetməsində sabitliyin bərpası məqsədilə tədbirlər keçirildi.Hakimiyyəti rəsmi şəkildə Heydər Əliyev oktyabr ayında keçirilən seçkilərdə qələbə qazanaraq aldı.O, hakimiyyəti möhkəmlətmək üçün həm siyasi, həm də inzibati tədbirlər gördü.
Naxçıvanın muxtariyyət statusunun qorunması, Qarabağda hərbi əməliyyatların məhdudlaşdırılması, şimal bölgəsindəki separatçı “Sadval” hərəkatının neytrallaşdırılması,Talış-Muğan və Gəncəbasar regionlarında baş verən iğtişaşların yatırılması bu tədbirlər sırasına daxil idi.Ölkədə dövlətçilik institutu yenidən qurulmağa başladı.
15 iyun – Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı tarix sonrakı illərdə Yeni Azərbaycan Partiyası üçün böyük məna kəsb etdi. YAP iqtidarda təmsil olunmağa başladı. Hələ Heydər Əliyevin öz zamanında 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilən qanunla bu gün “Milli Qurtuluş Günü” elan olundu. Qanunun mətnində 1993-cü ilin iyununda Azərbaycan xalqının ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyi qeyd olunurdu.
Artıq 1998-ci ildən başlayaraq bu tarix dövlət tərəfindən rəsmi bayram kimi qeyd olunur. Hər il keçirilən anım tədbirləri Fəxri Xiyabanda təşkil olunan mərasimlər, Dövlət Arxivinin keçirdiyi sənəd sərgiləri və elmi konfranslar bu günün tarixdəki rolunun ictimai yaddaşda qorunmasına xidmət edir. Heydər Əliyevin hakimiyyətə qayıdışını özündə ehtiva edən bu gün, Müasir Azərbaycanın təşəkkülünün başlanğıc parçası kimi dövlət və xlaq tərəfindən vacib simvol hesab edilir.