Ölkəmizin zəngin şəhərsalma irsi məskunlaşma mədəniyyətimizin tarixi kökləri olduğunu deməyə əsas verir
Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi dövlətimizin qlobal məsələlərin həllində artan nüfuzunun və beynəlxalq sferada möhkəmlənən mövqeyini nümayiş etdirir. Regional inkişafın balanslaşdırılması, dayanıqlı yaşayış məntəqələrinin qurulması və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşma Azərbaycanın sosial-iqtisdi inkişaf prioritetləri sırasındadır. Ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə şəhərsalma mədəniyyətinin yeni nümunəsini uğurla təcəssüm etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində bu ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyini vurğulayaraq ölkəmizdə bu sahədə tətbiq edilən təcrübəyə və tarixən formalaşmış zəngin ənənələrə diqqəti çəkib: “2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik. Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk.
Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur.
Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib”.
Dövlət başçısının da qeyd etdiyi kimi ölkəmizin zəngin şəhərsalma irsi Azərbaycanda məskunlaşma mədəniyyətinin tarixi kökləri olduğunu deməyə əsas verir. “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın dayanıqlı şəhər inkişafına strateji yanaşmasını əks etdirir. Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi olduğu kimi müasir ənənələri da formalaşdırılır. İşağaldan azad edilmiş ərazilərimizin sürətli bərpası bu fikri bir daha təsdiq edir.
Nüfuzlu investorların bu ərazilərə sərmayələri və ölkəmizin bölgələrində aparılan quruculuq işləri Azərbaycanın əmlak sistemində olan əlverişli imkanların olmasını nümayiş etdirir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən işlər ölkəmizdə məskunlaşma işinin effektiv təşkilinə də töhfələrini verir. Bu proses isə əhali üçün inklüziv yaşayış imkanlarının təşkilinə və sosial rifaha xidmət edir.