Ölkədəki hakimiyyət çəkişmələri Laçının işğalına yaranan zəmin yaratdı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
90-cı illərin əvvəllərində ölkədə sürən hərc-mərclik, hakimiyyət çəkişməsi Laçının Ermənistan tərəfindən işğal edilməsinə yaranan ən böyük zəmin oldu. İşğal zamanı rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilmişdir. Ermənistan tərəfindən dünya əhəmiyyətli 54 tarixi abidənin vandalizmə məruz qalması, Ermənilərin göstərdiyi vandallıq aktının təkcə milli irsimizə qarşı aparılan mənfur siyasət olmadığının bariz nümunəsidir . Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantasının Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılması isə həmin muzeylərin zəngin mədəni irslə yanaşı, yüksək maddi gəlirə malik olduğunun göstəricisi idi.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərdən çəkinməmişdir. Zamanında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu dünyaya qabarıq şəkildə nümayiş etdirmişdir.
Bütün bunlar deməyə əsas verir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə, anneksiyaya yönəlmiş siyasət yürütmüşdür. Heç bir zaman Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sayı 90 mindən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.
Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi Laçın, habelə ölkənin vaxtı ilə digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində də təsbit edildiyi kimi, Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.
Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılığa əsasən ölkəmiz yüksək keyfiyyətlə və qısa müddətdə Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisini başa çatmışdır. Laçının danışıqlar yolu ilə geri qaytarılması böyük qələbədir. Bu, eyni zamanda dövlətimiz tərəfindən götürülmüş öhdəliklərin, o cümlədən üçtərəfli Bəyanatın icrasına yanaşmanın bariz nümunəsidir. Yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququnun təmin olunmasına şərait yaradır. Bu prosesin isə ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacağına inanırıq.