Çinarə Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir, onun əbədiyaşarlılığını təmin edir.
Böyük təəssüf hissi ilə qeyd etmək olar ki, Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib, hər bir çətin günlərdən, sınaqlardan üzüağ, alnıaçıq çıxmışdır. Elə ona görədir ki, I Dünya müharibəsindən sonra xalqımız müstəqil dövlət formalaşdırmaq şansı əldə edib və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində tarixi addımlar atıb. Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
Üçrəngli bayrağımız növbəti dəfə Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı qeyri-rəsmi olaraq ziyalılarımızın təklifi ilə 1988-ci ildə Azadlıq meydanında dalğalandırılıb. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirilmiş və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olunmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.
Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə güclü təkan verdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul edib. Son olaraq Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin əsaslarından biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev çıxışlarından birində söyləmişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bəli, belə də oldu, biz bu şüarlarla böyüdük, bu şüarlarla bayraq sevgisi, bayrağa hörmət kimi ali hisslərə sahib olduq.
Çox inamla deyə bilərik ki, bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, qəhrəman Azərbaycan oğulları yazdı.
Müstəqilliyimiz əbədi, torpağımız yenilməz, bayrağımız daim ucalarda olsun.