Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir

Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir

Tural İsgəndərli 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin Xarici əlaqələr şöbəsinin mühəndisi

Sivil və inkişaf etmiş dünya hər il 8 Mart – Beynəlxalq Qadınlar Gününü qadınlara hörmət və ehtiramla qeyd edir. Bu gün dünyada gender bərabərliyi uğrunda mübarizənin başlanğıcı və qadın hüquqlarına hörmətin rəmzi kimi tarixə düşmüşdür. Azərbaycan qadını isə hər zaman yüksək mənəvi və əxlaqi keyfiyyətləri ilə seçilmişdir. Qadınlarımız xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynamışdır. Xalq yaradıcılığında, qədim rəvayət və dastanlarımızda güclü, müdrik və fədakar qadın obrazları geniş şəkildə təsvir edilmişdir.

Ümumilikdə, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur hökmdarı Tomris, qəhrəman qadın hökmdar Nüşabə, Şirvana hücum edən Krım xanının qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, orta əsrlər tariximizdən Qızıl Arslanın xanımı Qətibə xanım, orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və adları unudulsa da, fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır.

Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu, Nüşabə, Şirin, əfsanəvi Fitnə və yeddi gözəl kimi mükəmməl obrazlar yaratmış, görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümünə çevrilmişdir.

Tarixin konkret dönəmlərində Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olmuşlar. Uzağa getməyək, elə Qarabağ müharibəsinin gedişində də qadınlarımız kifayət qədər böyük qəhrəmanlıqlar, mərdliklər göstərmşlər. Xalqımız Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qəhrəman qadınlarla bu gün də qürur duyur, onların xatirəsini əziz tutur.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapmışdır.

Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.

Hər bir cəmiyyətin xoşbəxt sabahı onun qadınlarından asılıdır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin etməyə yönəlmişdir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.