Müsahibə maraqlı məqamları ilə yadda qalıb

Müsahibə maraqlı məqamları ilə yadda qalıb
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu,  Hövsan bələdiyyəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Baş tutan müsahibə maraqlı məqamları ilə yadda qaldı. İlk növbədə Cənab Prezident Rusiya ilə olan münasibətlərə aydınlıq gətirməklə Azərbaycan və Rusiya arasında qarşılıqlı hörmət çərçivəsində münasibətlərin inkişaf etdiyini vurğuladı. Rusiya ilə iqtisadi əlaqələrin çox yox, amma artan xətt üzrə inkişaf etdiyini qeyd etdi.

Cənab Prezident İlham Əliyev müsahibə zamanı hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs etdi.

Müsahibə zamanı Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalı olduğunu və sülh sazişinin imzalanmasının ana şərtləri haqqında danışan Dövlət başçısı cənab İlham Əliyev qeyd etmişdir: “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil.

Ümumiyyətlə, müsahibədə yer alan hər bir məsələ müasir dövrün çağırışlarını özündə əks etdirərək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatı kimi qiymətləndirilməlidir. Bütövlükdə, ölkə Prezidenti cənab İlham Əliyevin tutarlı cavabları və rasional məntiqi regionun gələcək inkişafı ilə bağlı nikbin əhval-ruhiyyə doğurur. Şübhəsiz ki, Azərbaycan dövləti Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında maraqlı tərəfdir və bu prosesdə ölkəmizin milli maraqlarını qətiyyətlə qorumaqdan çəkinməyəcək.