Müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri
Dadaş Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabrda baş tutan Gürcüstan səfəri ölkələrimiz arasında müsbət dinamika ilə inkişaf edən dostluq və tərəfdaşlıq münasibətlərini daha da irəliyə aparmaq baxımından çox önəmli bir addım oldu. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olsa da, xalqlarımızın dostluq və qonşuluq münasibətlərinin tarixi daha qədimdir. Dövlətlərimiz arasındakı münasibətlər də məhz bu tarixi dostluq üzərində qurulub.
Hər iki ölkə həm regional, həm də beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyir. Cənab Prezidentin də qeyd etdiyi kimi strateji tərəfdaşlıq münasibətlərimiz artıq müttəfiqlik səviyyəsinə qalxmışdır. Məhz bunun nəticəsidir ki, iki ölkə arasında iqtisadi əlaqələr hər keçən gün daha da genişlənir. Təkcə bu ilin 9 ayı ərzində ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard dolları ötmüşdür. Azərbaycan Gürcüstana 3 milyard dollar sərmayə qoymuşdur. Dövlətimizin başçısı bunu, qarşılıqlı və hər iki tərəfin maraqlarına cavab verən faydalı sərmayə adlandırıb.
Bu gün dünyada baş verən proseslər fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından əsas strateji tərəfdaşına çevrilmişdir. Bu ilin iyul ayında Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyenin Bakıya səfəri zamanı imzalanan enerji sahəsində strateji tərəfdaşlıq Memorandumu bunun əyani sübutudur. Sənədə əsasən növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıraraq 2027-ci ildə 20 milyard kubmetrə çatdıracaq. Eyni zamanda gələn ilBakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunan neftin həcmi də artırılacaq. Əlavə olaraq hazırda istifadə olunmayan Bakı-Supsa kəmərinin də yenidən istismarı planlaşdırılır. Bütün bu amillər tranzit ölkə kimi Gürcüstanın da önəmini artırır.
Azərbaycan və Gürcüstan arasında yükdaşımalarının həcmi 75 faiz artmışdır. Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə daşımaların da 5 milyon tona çatdırılması hədəflənir. Eyni zamanda Çindən Avropaya uzanan nəqliyyat dəhlizinin bir hissəsi olan Azərbaycan və Gürcüstanın Asiyadan-Avropaya və əks istiqamətdə həyata keçirilən yükdaşımalarındakı önəmini də qeyd etmək lazımdır.
Azərbaycan həm də dünya bazarına öz elektrik enerjisini ixrac etməyi planlaşdırır. Bunun üçün işğaldan azad olunmuş ərazilərdə 10 giqavatt, Xəzər dənizində isə 157 giqavatt gücündə bərpaolunan enerji potensialı mövcuddur. Bu enerjinin ixracında əsas tranzit olacaq Gürcüstanla sıx əməkdaşlıq nəzərdə tutulur.
Səfər çərçivəsində Prezident İlham Əliyev bir daha Cənubi Qafqazda qalıcı sülhün əldə olunması üçün qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayaraq səsləndirdiyi və Gürcüstanın hökumət başçısının da dəstəklədiyi Ermənistan da hazırdırsa, Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələrinə başlamaq olar fikri bir daha göstərir ki, Azərbaycan regionda daimi sülhün əldə olunmasına tərəfdardır. Təbii ki, öncə Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsi imzalanmalıdır.
Sonda qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan enerji təhlükəsizliyi başda olmaqla bir çox məsələdə öz maraqları naminə ortaq hərəkət etməkdə həmfikirdirlər.