Müstəqil dövlətçilik məktəbi

Müstəqil dövlətçilik məktəbi

Məcid Rəsulov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru

Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çox əsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Azərbaycan müstəqillik qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli siyasi fəaliyyəti daha geniş miqyas almış, sistemli, ardıcıl və açıq xarakter daşımışdır. 1990-cı ilin sərt qış günlərində Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək respublikada 20 Yanvar faciəsi törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməsi Heydər Əliyevin yeni tarixi epoxanın başlanğıcında müstəqillik uğrundakı mübarizəsinin parolu kimi böyük əhəmiyyət kəsb edir.

 Qarabağ savaşının çətin, mürəkkəb dövründə o, Naxçıvan Muxtar Respublikasının əhalisini öz ətrafında birləşdirərək Azərbaycanın bu qədim diyarının erməni işğalına məruz qalmasının qarşısını almışdır. Heç tərəddüd etmədən demək olar ki,bədnam Ermənistanın təcavüzündən xilas olunmuş Naxçıvan Muxtar Respublikası görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycana böyük ərmağanıdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda       müstəqil dövlətçiliyin baş memarıdır. Dövlət quruculuğu prosesini düşünülmüş şəkildə irəli aparan Heydər Əliyevin dünya təcrübəsinə, ölkəmizin imkanlarına və tələbatlarına uyğun şəkildə dövlət qurumlarının formalaşdırılması, gərəksiz təşkilatların ləğv edilməsi, ehtiyac olan yenilərinin yaradılması yollarındakı səyləri özünəməxsus dövlətçilik siması olan müstəqil bir ölkənin formalaşdırılması ilə nəticələnmişdir. Qeyri-peşəkar kadrların yüksək ixtisaslı, təcrübəli mütəxəssislərlə əvəz edilməsi də dövlət quruculuğu sahəsində böyük irəliləyişin təmin edilməsinin hərəkətverici qüvvəsinə çevrilmişdir. Nəticədə, Azərbaycanda cəmiyyət həyatını irəliyə aparan, müstəqillik şəraitində qarşıda duran problemləri həll etməyə qadir olan, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən güclü bir dövlət strukturu ərsəyə gətirilmişdir.

Heydər Əliyevin tarazlaşdırılmış, balanslaşdırılmış xarici siyasət təlimi onun adı ilə bağlı olan böyük siyasətin ana maddələrindən biridir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasını müəyyən edərkən konkret tarixi dövr üçün müstəqil siyasət daxilində tarazlaşdırılmış siyasi yanaşmanı əsas kimi qəbul etməyi vacib saymışdır. Bu istiqamətdə formalaşdırılmış xarici siyasət dövlətimizin maraqlarına uyğun olan ölkələrin hamısı ilə əlaqə yaratmağa, münasibətləri daha da inkişaf etdirməyə şərait yaradan müstəqil siyasi yanaşma kimi özünü doğrultmuşdur.  Bu yanaşma siyasi mühitdə Azərbaycan dövlətinin böyük dövlətlərin şərtlərini deyil, öz ölkəsinin maraqlarını əsas götürməsini şərtləndirmişdir. Siyasətin bu formatı beynəlxalq aləmdə Azərbaycana çoxlu dost ölkələr və etibarlı tərəfdaşlar qazandırmışdır. Nəhayət, bu siyasi təlim Azərbaycanın müstəqil surətdə xarici siyasət aparan dövlət olaraq inkişaf etdirilməsini şərtləndirmişdir.

Milli neft strategiyasının əsasını qoymuş Heydər Əliyev müstəqil dövlətimizin taleyində neft faktorunun xüsusi rolunu və əhəmiyyətini lazımi səviyyədə dəyərləndirmişdir. Neft strategiyasının beynəlxalq layihələrin, iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac vermişdir. “Bakı-Tbilisi-Ceyhan” neft ixrac boru kəməri Heydər Əliyevin iqtisadi siyasətinin Bakı-Tbilisi-Qars dəmir yolu layihələri də mahiyyət etibarilə Ceyhana uzanan nəhəng magistralı tamamlayır. Beləliklə, neft siyasəti Azərbaycanın hərtərəfli inkişafının və beynəlxalq aləmdəki siyasətinin əsas generatoru statusunu qazanmışdır. Respublikamızda qeyri-neft sektorunun inkişafı da hərtərəfli şəkildə düşünülmüş uğurlu neft strategiyasının bəhrəsidir.

Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndərimiz tərəfindən təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə ilk fundamental sənəd olmaqla inkişafa təkan vermişdir.

Təsadüfi deyil ki, ilk Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda insan hüquqları günü elan edilmişdir. Ölkəmiz tərəfindən təsdiq edilmiş 1950-ci il Avropa Konvensiyasının implementasiyası istiqamətində mühüm addımlardan biri kimi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun qəbul edilməsini də xüsusi vurğulamaq lazımdır.

 

2002 və 2009-cu illərdə, daha sonra cari ildə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasını, vətəndaşların layiqli həyat səviyyəsini, demokratiyanın inkişafını təmin etdi. Hüquq sistemi üçün vacib dəyişikliklərdən biri isə hər bir kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət etmək hüququnun verilməsi oldu.

 

Ümummilli lider Heydər Əliyevin prokurorluğun rəhbər heyəti ilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirədən sonrakı on ilə yaxın bir müddət ərzində davam edən, Azərbaycanda beynəlxalq standartlara uyğun prokurorluq orqanlarının formalaşdırılması prosesi əsasən yekunlaşdıqdan sonra bu dövlət təsisatının ölkənin hüquq sistemində əhəmiyyətinin, vətəndaş cəmiyyətində rolunun artırılması, hüquqi dövlət quruculuğunda iştirakının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülməklə prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə və yüksək dünya standartlarına uyğun olaraq daha yüksək keyfiyyət müstəvisində qurulması üçün hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi mərhələsi həyata keçirilməyə başlanmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşərək müasirləşdirilməsi dövrünün əsasını qoymuş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, insan hüquq və azadlıqlarının qorunması, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə edilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində, prokurorluğun fəaliyyətinin digər istiqamətləri üzrə peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahələrində ciddi uğurlar əldə edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə dövlət müstəqilliyinin ölkəmiz üçün ən böyük dəyər olduğunu bildirərək müzəffər sərkərdə kimi siyasi iradəsini bir daha nümayiş etdirmişdir. Dövlətimizin başçısı Azərbaycanı mümkün təhlükələrdən qoruyacağını bir daha bəyan edərək demişdir: "Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq...Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik... Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm!"

Müstəqil siyasət, qətiyyətli siyasi iradə - Azərbaycanın dövlətçilik ənənələrinin əbədiyaşarlığını təmin edəcək ən mühüm amillərdir. Düzgün siyasət və xalqımızın qalibiyyət ruhu müstəqil dövlətçiliyimizin davamlı inkişafı üçün sarsılmaz zəmindir.