Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Yeni Suraxanı Bələdiyyə sədri
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə iki dövlətin inkişaf istiqamətinin konturlarını müəyyənləşdirib. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan Türkiyə əlaqələrinin miqyası da, mahiyyəti də daim möhkəmlənməkdədir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçmişdir.
Yüz il əvvəl Nuri paşanın komandalığıyla Qafqaz İslam Ordusu Bakını ermənilərdən təmizlədi. O tarixdən yüz il sonra Türkiyənin qardaşlıq köməyi ilə Azərbaycanın torpaqları işğaldan azad edildi. Yüz il əvvəl Qars müqaviləsi imzalandı. O müqavilədən yüz il sonra ruhumuzun şəhəri olan Şuşada Türkiyə və Azərbaycan dövlətləri arasında Şuşa Bəyannaməsi imzalandı.
Azərbaycanın kədəri – kədərimiz, sevinci sevincimizdir”, - Mustafa Kamal Atatürk belə deyirdi. “Bir millət, iki dövlət”, - Heydər Əliyev belə deyirdi.
“Türkiyə - Azərbaycan dostluğu sarsılmasdır, əbədidir”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə deyir.
“Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyir. Birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti olub, var olacaq da. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm amillərdən biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində, hər iki dövlətin iqtisadi inkişafının təmin edilməsində müstəsna rol oynayır.
Azərbaycanla Türkiyə arasında siyasi sahədə də qibtəediləcək əlaqələr vardır. Ərdoğanın Azərbaycana rəsmi səfəri siyasi müstəvidə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən səfərdir. 2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdu. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu bildirmiş, hər iki dövlətin hakim partiyasının fəaliyyətinə münasibət bildirərək partiya funksionerlərinin fəaliyyətləri yeni çağırışlara uyğunlaşdırma zərurətini qeyd etmişdi. Hər iki dövlətin hakim partiyası qarşılıqlı fəaliyyətin bilavasitə dövlətçiliklə səsləşdiyini qürurla bildirmişdi, “Fəaliyyət Vətən üçündür” devizinə əsaslanılan əlaqə saxlanılacağını bəyan etmişdi.
Bu rəsmi səfər də, Azərbaycanın nümayəndə heyətinin dövlət başçısı tərəfindən bu səviyyədə qəbulu da ehtiramdan qaynaqlanır. 44 gün davam edən Vətən müharibəsinin hər günü Azərbaycanda hansı həyəcanlarla, hansı inamla yaşanılırdısa, Türkiyədə də həmin həyəcanlarla, həmin inamla yaşanılırdı. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həmin gün Zəfər günü elan edildi. Zəfər günü Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük coşqu yaratdı.
Həmin gün hansı coşqu ilə “Azərbaycan!” deyildisə, həmin coşqu ilə “Can Azərbaycan!” da deyildi. Xalq şairi Səməd Vurğunun təəbirincə desək, Türkiyədə milyonlar Azərbaycana sarı “Gözüm gözünüzdən uzaq olsa da, Könüldən-könülə yollar görünür!” deyildiyinə zərrəcə şübhəm yoxdur. Azərbaycanda da Türkiyəyə eyni sevgi yaşanılır.
2020-ci ilin dekabrında Bakıda keçirilən hərbi parad da, bu paradda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını da, paradda dedikləri də unudulmayacaq: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir.
Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da güclənməklə yanaşı Türkiyənin rolu, Türk dövlətlərinin birliyi də güclənir. Artıq bu bölgəyə pis niyyətlərlə əl uzadanlara da çox ciddi bir cavab idi. Bir müddət əvvəl həm də, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Deməli, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədinin formal xüsusiyyət daşıdığının göstəricisidir.