Şanlı tarix
Vidadi Bayramov
YAP Surxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 42 nömrəli şəhər poliklinikasının baş həkimi
Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun müzəffər yürüşü Azərbaycanın tarixi Qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir.
Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi çox mühüm hadisə oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu müjdəsi Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. 28 ildən artıq müddətdə işğal altında olan mədəniyyətimizin beşiyi Şuşanın azad edilməsi həm böyük siyasi, həm strateji, həm də çox böyük mənəvi məna daşıyır.
Son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl abu-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq arenadakı nüfuzumuz və fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı.
Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi də ilk gündən müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.
Azərbaycan xalqı bu gün qürurverici günlərini yaşayır. Cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız var. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini bir daha göstərir.
Nailiyyətlər, böyük sevinclər həmişə insanın ömrünü uzadır. Xalqın ömrü də onun tarixidir. Azərbaycan Ordusunun zəfəri tariximizi böyütdü, yerimizi daha da uca etdi. Şanlı keçmişə sahib Azərbaycan xalqı öz tarixində yeni bir mərtəbədə qərar tutdu. Bu xalqın hər bir təmsilçisinin köksünü dolduran, bizi birləşdirən, böyüdən, yenilməz edən Qələbə ruhu ilə yeni bir başlanğıca qədəm qoyduq. Qələbə sevincini yaşayan, yaşından asılı olmayaraq, hər kəsin dilində "Qarabağ Azərbaycandır" kəlməsi Xalqımızın birliyini və gücünü təzahür etdi!