Müasir dövrdə internet qəzetçiliyi sürətlə inkişaf edir

Müasir dövrdə internet qəzetçiliyi sürətlə inkişaf edir

Vəfa Abdullayeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 154 saylı orta məktəbin müəllimi

22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də ana dilində nəşr etdirdiyi "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə bağlıdır. "Əkinçi" yalnız ilk milli qəzet deyil, həm də xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və azadlıq ideyalarının yayılmasına xidmət edən böyük bir məktəb olmuşdur.

Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz tərkib hissəsidir. Həqiqətən də, "Əkinçi"dən başlayaraq milli mətbuatımız xalqın maariflənməsində, milli kimliyinin qorunmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də vurğulayır ki, mətbuat qərəzsiz, çevik və operativ fəaliyyət göstərməli, cəmiyyəti dolğun və obyektiv informasiya ilə təmin etməlidir. Prezident Azərbaycan mediasının milli maraqların müdafiəsində, operativ informasiya təminatında və cəmiyyətin düzgün məlumatlandırılmasında rolunu yüksək qiymətləndirir. Onun fikrincə, müasir Azərbaycan mətbuatı yüksək inkişaf səviyyəsinə çatmışdır və dövlətimizin tərəqqisində fəal iştirak edir.

"Əkinçi" qəzeti əsasən maarifçilik missiyasını üzərinə götürmüşdü. Cəhalətə, xurafata və geriliyə qarşı mübarizə aparan qəzet qısa müddətdə həm ziyalılar, həm də sadə insanlar arasında böyük nüfuz qazanmışdı. O, ana dilinin qorunmasına, milli özünüdərkin inkişafına və mütərəqqi ideyaların yayılmasına əvəzsiz töhfələr verdi.

Müstəqillik illərində milli mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu sahədə ardıcıl islahatlar həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, senzura ləğv edilmiş, "Media haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, Media və Yayım Şurası yaradılmış, media subyektlərinə müxtəlif vergi güzəştləri və azadolmalar tətbiq edilmişdir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və söz azadlığının təmin olunması daim diqqət mərkəzində saxlanılmışdır.

Müasir dövrdə internet qəzetçiliyi sürətlə inkişaf edir və media yeni mərhələyə qədəm qoyur. Milli informasiya resurslarının gücləndirilməsi, rəqəmsal medianın inkişafı və qlobal informasiya məkanına inteqrasiya Azərbaycan mediasının rəqabət qabiliyyətini artırmışdır. Bu gün Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsinə çevrilmişdir.

Azərbaycan jurnalistlərinin əməyi hər zaman yüksək qiymətləndirilir. "Jurnalistlərin dostu" mükafatı kimi təşəbbüslər media nümayəndələrinin fəaliyyətinə verilən dəyərin göstəricisidir. Fədakar Azərbaycan jurnalistləri həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmət göstərmiş, informasiya cəbhəsində mühüm mübarizə aparmışlar.

Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media əməkdaşlığının inkişafına mühüm töhfə verir. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq əlaqələri daha da möhkəmlənir və ortaq informasiya məkanının formalaşmasına xidmət edir.

Bu gün Azərbaycan mediası cəmiyyətdə demokratik münasibətlərin inkişafına, milli maraqların müdafiəsinə, dövlətçilik dəyərlərinin təbliğinə və vətəndaşların düzgün məlumatlandırılmasına xidmət edir. Milli mətbuatımız 151 illik şərəfli tarixini uğurla davam etdirərək müasir dövrün çağırışlarına uyğun inkişaf edir və Azərbaycanın tərəqqisinə öz mühüm töhfəsini verməkdə davam edir.

Paylaş