Milli Qəhrəman Albert Aqarunovun doğum günündə anım mərasimi keçirilib
25 aprel Milli Qəhrəman Albert Aqarunov Aqarunoviçin doğum günüdür. Doğum günü münasibəti ilə Suraxanı rayonu Əmircan qəsəbəsində cəsur tankçının təhsil aldığı və onun adını daşıyan 154 nömrəli tam orta məktəbin müəllim – şagird kollektivinin təşkil etdiyi anım tədbiri keçirilmişdir. Anım mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları iştirak etmişlər. Öncə tədbir iştirakçıları 154 nömrəli tam orta məktəbin həyətindəki qəhrəman tankçının büstünü ziyarət edib, gül dəstələri düzmüşlər.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, şəhidlərin əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaqdır. İstər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsində şəhid olmuş vətən övladlarının müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçdiyini qeyd edən yerli təşkilatın sədri hər bir şəhidimizin ruhu qarşısında baş əydiyini dedi. Vüqar Seyidov 154 saylı tam orta məktəbin kollektivinə və tədbirdə iştirak edən şagirdlərə öz dərin minnətdarlığını bildirdi. YAP Suraxanı rayon təşkilatının sədri onu da vurğuladı ki, vətənpərvərlik məhz məktəbdən başlayır. Vətən Müharibəsində qələbəmizi bizə bəxş edən əsas amil də gənc nəsillərin doğru tərbiyə olunmasıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərin formalaşmasında, tərbiyəsində roluna toxunan Vüqar Seyidov dedi ki, məktəblər və təhsil işçiləri bu siyasətin ən fədakar daşıyıcılarıdırlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova öz çıxışında şəhid olmuş rayon sakinlərinin adlarının əbədiləşdirilməsi və gənclər arasında təbliğ edilməsinin əhəmiyyətdən bəhs etmişdir. Məktəblərin kiçik yaşlarda vətənpərvərlik ruhunu şagirdlər arasında təbliğ etməsinin sonda Vətən Müharibəsində qələbəyə səbəb olan amillərdən olduğunu vurğulayan RİH-nin başçısının müavini bu məqsədlə görüləcək işlərə rayon rəhbəriliyinin diqqətli və həssas yanaşdığını vurğuladı.
Qeyd edək ki, şəhid Milli Qəhrəman Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 1-ci Qarabağ müharibəsi başlayarkən Aqarunov cəbhəyə könüllü yazılmış, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdir. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.