Milli Ordumuz xalqımızın güvənc yeri və fəxridir

Milli Ordumuz xalqımızın güvənc yeri və fəxridir

Mahirə Babayeva 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin Uşaq birliyi rəhbəri

Ulu Öndər Heydər Əliyev  hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Dahi rəhbər totalitar sovet rejimi şəraitində respublikamızda 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ümummilli Lider  azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində,  44 günlük İkinci Qarabağ  müharibəsində misilsiz qəhrəmanlıqlar  göstərdilər. Bu müharibədə Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərdilər. Bir çox hərbi əməliyyatların keçirilməsində, Şuşanın azad edilməsində  onların xüsusi rolu oldu.

Müharibədə qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni hərbi  birləşmələrin yaradılması zərurətini ortaya qoydu

Prezident ordumuz haqqında danışarkən bildirmişdir ki, “Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.”

Uğurlu iqtisadi siyasətimizin nəticəsi olaraq ordumuzun yeni silahlarla təchiz edilməsi, modernləşdirilməsi və komando birliklərinin yaradılması sahəsində atılan addımlar, yaxın gələcəkdə Azərbaycan ordusunun peşəkar bir orduya çevriləcəyindən xəbər verir. Belə bir zərurətin olmasının səbəbi ilk növbədə dünyada gedən proseslərdir. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi indi beynəlxalq hüquq işləmir, güc amili prosesləri diqtə edir. Ona görə də ilk növbədə müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün bizə güclü ordu lazımdır və biz onu qurururq, inkişaf etdiririk.

Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Məhz bu gücün sayəsində ermənilər artıq bəyan etməyə məcbur olublar ki, Qarabağ Azərbaycan torpağıdır. Lakin onların dəstəkçiləri və revanşist qüvvələr hələ də sülh sazişinin bağlanmasına mane olmaqda davam edirlər. Azərbaycan isə öz şərtlərini diqtə etməkdə, bir-bir o şərtləri yerinə yetirmək üçün lazım olan şəraiti yaratmaqdadır. İstər siyasi və diplomatik, istəsə də hərbi sahədə üstünlük bizim tərəfimizdədir.

Prezident cənab İlham Əliyev millətin sevgisinə və ordumuzun gücünə söykənərək qalib xalqın sərkərdəsi kimi fikrini belə ifadə etmişdir: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.”

105 yaşını qeyd etdiyimiz Milli Ordumuz bu gün fəxrimiz, güvənc yerimiz olaraq bizim  qürurla bu torpaqların tam sahibi olduğumuzun qarantıdır.