Maşınqayırma sənayesi işçiləri təltif olunmuşlar
YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 411 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə “24 iyun – Maşınqayırma sənayesi işçilərinin peşə bayramı günü” münasibətilə toplantı keçirilmişdir. Toplantıda “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin idarə heyətinin sədri Vahid Mahmudov giriş sözü ilə iştirakçıları salamlamış, peşə bayramı münasibətilə kollektiv üzvlərini təbrik etmiş, uzun illər respublikanın sənaye sahəsində strateji və mühüm təşkilat olan maşınqayırma zavodunun əldə etdiyi uğurlara toxunmuş, dövlət tərəfindən istər müəssisəyə, istərsə də burada çalışan insanlara göstərilən diqqət və qayğıdan söz açmışdır.
Uzun illər müəssisəyə rəhbərlik etmiş, hal-hazırda rayonun ağsaqqallar şurasının sədri və ərazi partiya təşkilatının sədri kimi fəaliyyət göstərən Arif Babayev çıxış edərək əməkdaşları salamlayaraq onları peşə bayramı münasibətilə təbrik etmiş, təmsil etdiyi qurumda ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perspektivdə görüləcək işlər, eyni zamanda YAP Suraxanı rayon təşkilatının təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov Əmircan qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 411 ünvanında yerləşən ərazi partiya təşkilatında fəaliyyət göstərən YAP üzvlərini peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, bu qurumda partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. Yerli təşkilatın sədr müavini ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, hər bir vətəndaş öz peşə fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olmalı, dövlətinə, xalqına töhfələr vermək üçün çalışmalıdır.
Sonda yerli təşkilatın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup YAP üzvü Təşəkkürnamələrlə təltif olunmuşdur.