Səxavət Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin müəllimi
Kəlbəcər Azərbaycanın qərb sərhəddində Ermənistan Respublikasi ilə qonşudur. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində sağ qalan kəlbəcərlilər acı göz yaşları içində öz doğma yurdunu tərk etməyə məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və.s talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Nəhayət, Kəlbəcər həsrəti də sona çatdı.10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil oldu və nəzarəti ələ aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd edildi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 9455 hərbçisi Kəlbəcərin azad olunması medalı ilə təltif olundu.
İşğaldan azad edilmiş ərazilərdə başlanmış təmir-bərpa işləri sürətlə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Kəlbəcər rayonuna getmiş və tikinti işləri ilə yaxından tanış olmuşdur. O, Toğanalı Kəlbəcər avtomobil yolu və digər yollar, hərbi hissələr, elektrik stansiyaları, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və digər binaların təməlqoyma mərasimlərində iştirak etmişdir. Artıq Kəlbəcər şəhər və kəndlərini baş planı hazırlanmış, tikinti işlərinə başlanılmışdır.