Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və diplomatik müstəvidə qələbəsidir

Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və diplomatik müstəvidə qələbəsidir

Yeganə Maqsudova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

 Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəlbəcər rayonu Azərbaycanın ən strateji ərazilərindən biri kimi Qafqaz dağ silsiləsinin mərkəzi hissəsində yerləşir və həm coğrafi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyətə malikdir. Rayonun relyef xüsusiyyətləri, zəngin su ehtiyatları, təbii sərvətləri və Qarabağ bölgəsinə açılan mühüm dağ aşırımları Kəlbəcəri regionda hərbi baxımdan həssas məkanlardan birinə çevirirdi. Məhz bu amillər 1990-cı illərin əvvəllərində bölgədə gərginliyin artması fonunda rayonu Ermənistanın genişlənmə siyasətinin əsas hədəflərindən biri etmişdir.

Ermənistan silahlı birləşmələri 1992-ci ildən başlayaraq Azərbaycanın həm Dağlıq Qarabağda, həm də ətraf rayonlarda mövqelərini zəiflətmək məqsədilə ardıcıl hücum əməliyyatları həyata keçirirdi.

Bu şəraitdə Kəlbəcər rayonuna qarşı hücumlar xüsusi strateji məqsədlər daşıyırdı.  2 aprel 1993-cü il tarixində Kəlbəcər tam şəkildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Nəticədə rayon əhalisi kütləvi şəkildə öz yurd-yuvalarından didərgin düşdü və ağır humanitar böhran formalaşdı.

Kəlbəcərin işğalı Azərbaycanın həm demoqrafik, həm də iqtisadi strukturlarına ciddi zərbə vurdu. 60 mindən çox sakin öz ata-baba torpaqlarından məcburi köçkünə çevrildi. Humanitar nəticələrlə yanaşı, bu hadisə regionda təhlükəsizlik balansının pozulmasını daha da sürətləndirdi və münaqişənin beynəlxalq səviyyədə gündəmə gətirilməsində mühüm mərhələ oldu.

Bundan başqa, Kəlbəcərin işğalı BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı 822 saylı qətnaməsinin qəbul edilməsinə səbəb oldu. Sənəddə Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz rayon ərazisindən çıxarılması tələb edilsə də, işğal 27 il davam etdi.

1993-cü il 2 aprel Kəlbəcər işğalı Azərbaycan tarixində strateji və humanitar baxımdan ən ağır hadisələrdən biri kimi yadda qalmışdır. Hadisə təkcə bir rayonun deyil, bütün regionun geosiyasi strukturunun dəyişməsinə səbəb olmuş, münaqişənin daha mürəkkəb mərhələyə keçdiyini göstərmişdir. Elmi təhlil göstərir ki, Kəlbəcərin işğalı həm regional güc balansının pozulması, həm də beynəlxalq hüququn kobud şəkildə tapdanması kimi qiymətləndirilməlidir.

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın həm siyasi, həm də diplomatik müstəvidə qələbəsidir.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi istifadəyə verilib. İşğal və Zəfər muzeyləri kompleksinin artıq Azərbaycan Prezidenti tərəfindən təməli qoyulub. Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaq. Həmin ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq.

Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Bütün bunlar Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlandığını, Kəlbəcərin yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacağını deməyə əsas verir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə ərazilərimizdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir.

Azərbaycan dövləti bu il 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin beşinci ildönümünü böyük tarixi qürurla qeyd edəcək. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və ədaləti bərpa etdi. Bu Zəfər təkcə hərbi-siyasi uğur deyil, həm də xalqımızın iradə birliyinin, milli qətiyyətinin və ərazi bütövlüyünə sarsılmaz inamının təcəssümüdür.