Kəlbəcərin azad olunması hərbi-siyasi və diplomatik zəfərin ortaq nəticəsidir
Şaiq Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayon İcra Hakimiyyətinin nəzdində Layihə smeta bürosunun rəisi
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Kəlbəcərin bu əvəzsiz təbiəti və coğrafi mövqeyi hər zaman ermənilərin diqqətini cəlb edib. Məhz bunun üçün onların daima Laçın və Kəlbəcərə qarşı xüsusi yanaşmaları olmuşdur.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Buradakı daş abidələr Şimal Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Lakin erməni millətçiləri Kəlbəcərdə olan bütün tarixi abidələri, eləcə də Alban Xristiyan kilsəsini də erməniləşdirməyə xüsusi cəhdlər etmişlər. Daş üstü rəsmləri, yazıları saxtalaşdırıblar. Xalqımıza və onun zəngin tarixinə qarşı böyük haqsızlıq ediblər. Onlar işğal dövründə heç vaxt düşünməyiblər ki, Kəlbəcərdən gedə bilərlər. Bu səbəbdən də, orada hətta qanunsuz məskunlaşdırma həyata keçiriblər. Azərbaycanlıların mülklərini talayıb, tarixini təhrik edərək özlərinə yurd-yuva qazandıqlarını sansalar da, tarix, tale və qəhrəman Azərbaycan xalqı öz sözünü deyib torpaqlarını azad etmişdir.
Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu, Turşsu.Rayonun ərazisində mineral sulardan İstisu və yüksək debitə malik olan Narzan tipli turş su bulaqları, Yuxarı İstisudan 1–2 km cənub-şərqdə rodonlu sular var. Bu ərazilərdə 3 mindən çox bulaq var. Kəlbəcər rayonu axar çaylarla zəngindir. Onlardan ən böyüyü Tərtərçaydır. Onun iri qolları Tutxun çayı, Lev çayı, Zəylik çayı, Keşdək çayı və Qaraağac çayıdır.
Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Kəlbəcər rayonunda heyvandarlıq üçün əlverişli otlaqlar və arıçılıq üçün münbit şərait mövcuddur. Əlbəttə, bu sadaladığım maddi nemətlər də Kəlbərcərin işğal olunmasında böyük rola malikdir. Bilirik ki, ermənilər sözün həqiqi mənasında orğu xalqdır. Sərvətlərimizin talan edilməsi üçün hətta, xarici şirkətlərlə anlaşmalar da imzalamaqdan çəkinməyəcək qədər utanmaz və abırsız bir siyasət yürütmüşlər. Əlbəttə, ən ağır cavabı Azərbaycan ordusu döyüş meydanında vermiş, düşmən Kəlbəcəri və digər ərazilərimizi bir güllə belə atmadan təhvil verməli olmuşlar. Kəlbəcərin azad olunması hərbi-siyasi və diplomatik zəfərin ortaq nəticəsidir.
Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahididir. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcərin Azərbaycan-Ermənistan sərhədində yerləşməsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistanı birləşdirməsi onun işğal olunmasının ən böyük səbəblərindən biri idi. Hətta, bir məqamı xüsusi qeyd etməliyəm ki, danışıqlar dövründə 5+2 və Dağlıq Qarabağın statusu məsələsi bir format olaraq həmişə ortalığa atılardı. Yəni, Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayondan 5-i qaytarmaq istəsə də, Kəlbəcər və Laçını heç vaxt qaytarmaq istəməyib. Bunu dəfələrlə Prezident cənab İlham Əliyev də öz çıxışlarında vurğulayıb. Bir sözlə Kəlbəcərin keçmiş Dağlıq Qarabağ münaqişəsində xüsusi əhəmiyyəti mövcud olmuşdur.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Amma, Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü möhtəşəm hərbi-siyasi və diplomatik siyasətin nəticəsində bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Müharibə bir daha kimin qalib və müzəffər olduğunu sübuta yetirdi. Kəlbəcəri tərk edən ermənilər ən xırda məişət tullantılarını və əşyalarını aparmaqla özlərinin milli kimliyini bir daha bütün dünyaya nümayiş etdirmiş oldular.
Sonda bütün torpaqlarımızın azad olunması uğrunda şəhid və qazi olan Vətən övladlarının qarşısında baş əyərək Müzəffər Ali Baş Komandanın sözlərini bir daha təkrar edib deyirəm ki, Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir.
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!