8 noyabr 2020-ci il – Azərbaycan tarixinin ən qürurlu səhifəsidir

8 noyabr 2020-ci il – Azərbaycan tarixinin ən qürurlu səhifəsidir

Mahru Rəcəbova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru

90-cı illərdə baş verən Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin  bir hissəsini işğal etmişdi. 1994-cü ildə Bişkek atəşkəs sazişi ilə aktiv döyüşlər dayandırılsa da, sülh müqaviləsi imzalanmadığı üçün münaqişə "dondurulmuş" vəziyyətdə qaldı. Bu dövrdə hər iki ölkə arasında siyasi gərginlik davam edirdi.

Atəşkəsin elan olunmasından keçən müddət ərzində Respublikamız bu imkandan maksimum şəkildə yararlandı: Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dünyamiqyaslı enerji layihəsi reallaşdı, Respublikamızda möhkəm və davamlı siyasi sabitlik əldə edildi, Azərbaycan yürütdüyü müstəqil xarici siyasət nəticəsində beynəlxalq əlaqələrini möhkəmləndirərək  Cənubi Qafqaz ölkələri arasında lider statusunu qazandı, artırılan hərbi xərclər nəticəsində güclü ordu quruldu.

 Nəhayət, 2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi növbəti təxribatdan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm və qürurverici səhifələrindən biri oldu. Bu müharibə Ermənistanın illərlə işğal altında saxladığı Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılan haqq mübarizəsi idi. Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qısa müddət ərzində yüksək döyüş ruhu, müasir hərbi texnologiyalar və strateji planlaşdırma sayəsində böyük uğurlar qazandı.

Məhz bu dövrdə Azərbaycan xalqının yaddaşına əbədi həkk olan bir ifadə yarandı-“DƏMİR YUMRUQ”. Bu sözlər sadəcə bir metafor deyildi-o, Azərbaycan xalqının, ordusunun, dövlətinin birliyini, qətiyyətini və sarsılmaz gücünü ifadə edirdi. Hər bir azərbaycanlı, ön cəbhədə döyüşən əsgərdən tutmuş arxa cəbhədə çalışan sadə vətəndaşa qədər bu yumruğun bir hissəsi idi. Xalq və dövlət bir məqsəd ətrafında—Vətənin azadlığı uğrunda birləşmişdi.

 8 noyabr 2020-ci il – Azərbaycan tarixinin ən qürurlu səhifəsi! O gün Şuşa şəhəri azad olundu. Qarlı, qayalı dağların qoynunda baş verən döyüşlər, igid Azərbaycan əsgərinin sinəsi ilə keçdiyi yollar bu qələbəni mümkün etdi. Şuşa – Qarabağın ürəyi, Azərbaycan mədəniyyətinin beşiyi, muğamın və poeziyanın paytaxtı – azadlığa qovuşdu. Bu zəfərlə yalnız torpaqlar deyil, həm də xalqın ləyaqəti, inamı və ruhu azad edildi.

10 noyabrda Ermənistan kapitulyasiya sənədini imzaladı və beləliklə, 30 illik işğal tarixin arxivinə gömüldü. 8 Noyabr – Zəfər Günü yalnız hərbi qələbə deyil, həm də milli birliyin, həmrəyliyin və vətən sevgisinin simvoludur. O gün bütün Azərbaycan bir ürək, bir nəfəs kimi idi – Bakıdan Naxçıvana, Gəncədən Şuşaya qədər hər kəsin gözündə eyni sevinc, eyni qürur vardı. Qələbənin sevincini bölüşən hər bir vətəndaş bu zəfərin bir parçası idi.

Azərbaycanın qazandığı bu zəfərdə qardaş Türkiyənin mənəvi və diplomatik dəstəyi xüsusi rol oynadı. Müharibənin ilk günlərindən etibarən Türkiyə dövləti “iki dövlət, bir millət” prinsipi əsasında Azərbaycanın yanında dayandı. Türkiyə rəhbərliyinin açıq və qətiyyətli mövqeyi regionda sülh və ədalətin bərpasına mühüm töhfə verdi.

Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri yalnız siyasi arenada deyil, həm də hərbi, iqtisadi və mədəni sahələrdə daha da möhkəmləndi. 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsi bu birliyin rəsmi və strateji əsasını qoydu. Sənəd iki ölkə arasında qarşılıqlı müdafiə, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr sahəsində yeni mərhələ açdı.

Bu zəfər təkcə qələbə ilə deyil, dövlət-vətəndaş münasibətləri ilə də yadda qaldı. Belə ki müharibədən sonra Ali Baş Komandanın 8 dekabr 2020-ci il tarixli fərmanı ilə “YAŞAT” fondu yaradıldı. Fondun əsas məqsədi şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin sosial müdafiəsini gücləndirmək, onların maddi, tibbi və psixoloji ehtiyaclarını qarşılamaq idi. YAŞAT Fondu qısa müddət ərzində ölkə daxilində və xaricdə böyük dəstək qazandı.

Minlərlə vətəndaş, müxtəlif şirkətlər, diaspor təşkilatları və xeyriyyəçilər Fonda ianə edərək bu müqəddəs missiyanın bir parçasına çevrildilər. Fond şəffaf fəaliyyəti, ictimai hesabatlılığı və insanlara birbaşa yardım mexanizmi ilə cəmiyyətdə böyük etimad qazanıb. Fondun fəaliyyət istiqamətləri müxtəlif sahələri əhatə edir: şəhid ailələrinin və qazilərin yaşayış şəraitinin yaxşılaşdırılması, müalicə və reabilitasiya proseslərinin təşkili, təhsil və peşə hazırlığına dəstək, xaricdə müalicəyə ehtiyacı olan qazilərin dəstəklənməsi və s.

 YAŞAT Fondu həm də milli həmrəyliyin rəmzinə çevrilib. Bu Fond sadəcə maddi yardım vasitəsi deyil, həm də xalqın mənəvi borcunun ifadəsidir. Hər bir vətəndaş bu təşəbbüsdə iştirak etməklə şəhidlərimizin ailələrinə, qazilərimizə və onların mübarizə ruhuna ehtiram göstərir. Bu gün YAŞAT Fondu öz fəaliyyətini davam etdirərək, yüzlərlə ailəyə sevinc, ümid və dayaq olur. O, dövlətin və cəmiyyətin əl-ələ verərək Vətən uğrunda canından keçən qəhrəmanlara və onların yaxınlarına göstərdiyi sarsılmaz diqqətin bariz nümunəsidir.

 Bu gün şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarda yeni dövr—Böyük Qayıdış başlayıb. Ağıllı şəhər konsepsiyası əsasında yaşayış məntəqələri salınır, bütün işlər “yaşıl enerji zonası” prinsipi əsasında həyata keçirilir.  Bu həm də mənəvi qayıdışdır.

Ata-baba yurdlarına, adət-ənənələrə, əkin-biçinə yenidən sahib çıxırlar.  Qarabağda həyat yenidən canlanır. Bunun üçün biz zəfəri qanları ilə yazan Vətən oğullarına borcluyuq. Onlar bu qələbə il bir daha sübut etdilər ki, haqq-ədalət uğrunda mübarizə aparan xalq həmişə qalib gəlir. Zəfər Günü-Azərbaycanın birliyinin, gücünün və qürurunun simvoludur!