IX Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir
Nigar Zeynalova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktor müavini
Ölkəmizin paytaxtı Bakı şəhəri iyunun 16-da növbəti nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. Ölkə başçımız Forumda iştirak edərək çıxış edib.
Bakı yenidən beyin mərkəzlərinin, qlobal problemlərin müzakirə olunduğu, həll yollarının axtarıldığı məkana çevrilib. IX Qlobal Bakı Forumunda da bundan əvvəlki forumlarda olduğu kimi bəşəriyyəti narahat edən məsələlər müzakirə olunub. Qlobal Bakı Forumunun əhəmiyyəti ondan ibarətdir ki, burada aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəkdir. Qlobal dünya nizamına təhdidlər mövzusunda təşkil olunan forum artıq universal platformaya çevrilib. Bu dəfə siyasi, iqtisadi, humanitar və digər məsələlər dünyanın nüfuzlu diplomatları, iqtisadçıları və digər sahələrin mütəxəssisləri ilə birgə nəzərdən keçirilib. Gələcəyə doğru addımlar müzakirə olunub.
Müxtəlif tərəflərin fikirlərini toplamaqla yanaşı hər bir müzakirə təfəkkürlərdə dəyişiklik yaradır və gələcəkdə ciddi qərarların qəbul olunmasında həlledici rol oynayır. Bu forumda iştirak edən nüfuzlu diplomatlar və siyasətçilər beynəlxalq arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirəyə töhfə vermək imkanına malikdirlər. 2020-ci ilə qədər Azərbaycan bu platformadan həm də Ermənsitanın təcavüz faktı barədə beynəlxalq ictimaiyyəti məlumatlandırırdı. Münaqişənin başa çatmasından sonra isə əsas diqqət sülhün möhkəmlənməsinə yönəlib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Təbii ki, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Amma bununla belə, Azərbaycan sülhü seçir. Çünki dövlət başçımızın da qeyd etdiyi kimi, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir.
İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Forumda qeyd edildi ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır. Zəngəzur dəhlizini açılmasının həlli regionda sülhün və əməkdaşlığın bərqərar olması üçün çox vacibdir.