IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal baxışı və yeni geosiyasi reallıqlar

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal baxışı və yeni geosiyasi reallıqlar

Fərid Bəşirov

“Neftçi İdman Klubu”nun hüquqşünası

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil. Bu şəhər son illərdə beynəlxalq siyasi dialoqun, qlobal media müzakirələrinin və yeni geosiyasi baxışların formalaşdığı mühüm platformaya çevrilmişdir. Prezident cənab İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də məhz bu platformanın əhəmiyyətini bir daha nümayiş etdirdi.

Forumun ildən-ilə genişlənən iştirakçı tərkibi və artan beynəlxalq nüfuzu göstərir ki, Şuşa artıq dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin, ekspertlərin, siyasətçilərin və media nümayəndələrinin fikir mübadiləsi apardığı mühüm mərkəzlərdən biridir. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, Qarabağda, xüsusilə də Şuşada belə mötəbər auditoriyanı qəbul etmək Azərbaycan üçün böyük şərəf olmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunun göstəricisidir.

 Forum zamanı səsləndirilən fikirlər yalnız Azərbaycanın xarici siyasət prioritetlərini deyil, həm də XXI əsrin geosiyasi çağırışlarına münasibətdə ölkənin baxışlarını əhatə edirdi. Prezident cənab İlham Əliyev Azərbaycanın son otuz ildən artıq müddətdə keçdiyi inkişaf yolunu qiymətləndirərək qeyd etdi ki, ölkə artıq regional çərçivələri aşaraq orta gücə malik dövlət statusunu qazanmışdır. Bu qiymətləndirmə yalnız iqtisadi göstəricilər və hərbi potensialla məhdudlaşmır. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları, diplomatik təşəbbüsləri, beynəlxalq təşkilatlarda fəal mövqeyi və çoxtərəfli əməkdaşlıq modeli bu statusun əsas dayaqlarını təşkil edir.

Enerji məsələləri bu Forumun əsas müzakirə istiqamətlərindən biri idi. Prezident qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Azərbaycan qazına tələbat əhəmiyyətli dərəcədə artmışdır. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da gücləndirib. Eyni zamanda ölkə yalnız ənənəvi enerji resursları ilə kifayətlənmir. Bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, Günəş və külək enerjisi üzrə böyük potensial, yaşıl enerji dəhlizlərinin yaradılması Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi təqdim edildi.

Prezident cənab İlham Əliyev çıxışı zamanı bildirdi ki, heç bir dövlət qonşularla qarşılıqlı etimada əsaslanan münasibətlər olmadan tranzit ölkəyə çevrilə bilməz. Məhz buna görə Azərbaycan uzun illərdir ki, regionda əməkdaşlıq modelini təşviq edir, bütün qonşularla balanslaşdırılmış münasibətlər qurmağa çalışır və geosiyasi qarşıdurmalardan kənarda qalmağa üstünlük verir.

Forumda beynəlxalq münasibətlər sistemi, ikili standartlar və beynəlxalq hüququn tətbiqi məsələləri də geniş yer aldı. Prezident Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətini tənqid edərək bunun qərəzli və qəbuledilməz olduğunu bildirdi. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı Azərbaycanın mövqeyi də izah edildi. BMT-də islahatlar, xüsusilə Təhlükəsizlik Şurasının daha inklüziv model əsasında formalaşdırılması ideyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasının əsas elementlərindən biri kimi təqdim olundu.

Prezident cənab İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi "Biz ancaq özümüzə və dövlətimizə güvənməliyik" fikri bütövlükdə çıxışın ideya xəttini müəyyənləşdirən əsas mesaj kimi yadda qaldı. Bu çağırış təkcə siyasi bəyanat deyil, Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, əldə etdiyi qələbələrin və qazandığı beynəlxalq nüfuzun ümumiləşdirilmiş ifadəsi idi.