Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri
2023-cü il Azərbaycan dövləti üçün böyük əhəmiyyətə malik, tarixi bir ildir. Belə ki, bu il Yeni Azərbaycanın qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin dünyaya gəlməsinin yüz ili tamam olur. Cənab Prezident İlham Əliyev, 2023-cü ili, Heydər Əliyev ili olması barəsində sərəncam imzalamışdır.
Heydər Əliyev uzun illər, Azərbaycan dövlətinə rəhbərlik etmişdir. Bu illər, iki dövrə ayrılır. Belə ki, onun birinci dövrü, Azərbaycanın Sovet hakimiyyətinin tərkibində olmasına, ikinci dövrü isə, müstəqillik illərinə təsadüf edir. Bu iki dövr arasında idarəetmə sistemində təzadlar olsa da, dahi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev hər dövrün çətinliklərinə sinə gərərək, öz yüksək idarəçilik qabiliyyəti və siyasəti ilə Azərbaycanı yalnız irəliyə aparıb.
Hələ Sovetlər dönəmindən Heydər Əliyev, dövlətin iqatisadiyyatının çiçəklənməsinə böyük önəm vermişdir. Uşaqlıq xatirələrimdə, televiziya vasitəsi ilə tez-tez Heydər Əliyevin bir rəhbər olaraq, pambıq tarlalarında, Azərbaycanın rayonlarında zəhmətkeşlərlə görüşü zamanı onların qayğıları ilə maraqlanmağının, eyni zamanda, zavod, fabriklərdə insanları həvəsləndirici, stimul yaradan çıxışlarının şahidi olmuşam. Sadə kəndlinin torpağa bağlılığını hər zaman dəyərləndirən olub Heydər Əliyev.
Daha sonralar, ikinci dəfə hakimiyyətə gələndən sonra o, böyük qayıdışı ilə kövrək addım atan müstəqil Azərbaycanın təməlinin daha güclənməsinə nail oldu. Belə ki, Heydər Əliyev dedi: ”İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”.
Həmin dövrlərdə, çətin olsa da, Heydər Əliyev respublikanın sənaye potensialını gücləndirmək naminə böyük işlər görürdü. 1993-cü ildə yeni müstəqil dövlət olan Azərbaycan üçün, zavod, fabrikləri geniş vüsətlə işlətmək çətin olsa da, Ulu Öndər belə sənaye müəssisələrini ziyarət edir, orada işləyən əmək kollektivləri ilə görüşür, çıxışlar edərək, Azərbaycanın milli iqtisadiyyatının genişləndirməyə çalışırdı. Belə çıxışlardan birini də, 28 sentyabr 1993-cü ildə Bakı Kondisioner zavodunda etmişdir.
Ulu öndər zəhmətkeşlərlə görüşlərdə deyirdi: “Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı, respublikanın müstəqil dövlət kimi, inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. Siz isə yəni sənaye sahəsində çalışan adamlar, bu zavodları, fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar, böyük iş görürsünüz. Siz Azərbaycanın Müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində, zavodları, fabrikləri, tam gücü ilə olamasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən, uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə, hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə ürəkdən təbrik edirəm”.
Ulu öndər Heydər Əliyev hər zaman, Azərbaycanın iqtisadiyyatının güclənməsinə səbəb olan şərtlərdən biri də, sərbəst iqtisadiyyata keçidin mütləq olmasını vurğulayırdı. Bu yolda itkilərin, çətinlikllərin olduğunu ehtimal etsə də, bu yoldan geriyə dönmədi.
Həmçinin neft sənayesinin də, Azərbaycan iqtisadiyyatı üçün, mühüm olmasını, bizlər üçün vurğulayırdı. Ulu Öndər Heydər Əliyev, müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafını, neft sənayesindən çox asılı olduğunu bilirdi və dövlətin bu sahəyə xüsusi fikir verməsini istəyirdi.
Azərbaycan bu gün, iri addımlarla irəli gedir. Buna oxşar bir cümləni, bir neçə illər öncə, XX əsrdə, Sovet İttifaqının rəhbəri olan, L.İ.Brejnev demişdi. Bu cümlənin deyilişi, o zaman Heydər Əliyevin yüksək iş təcrübəsinə verilən dəyər idi.
Bu gün müstəqil Azərbaycan dövlətinə nəzər yetirsək, bütün uğurlarımız, iqtisadiyyatın məhz Heydər Əliyev tərəfindən düzgün inkişafına bağlanmışdır. Azərbaycanın hər bir yerində, hər bir sahədə, geniş miqyaslı işlər görülür. Dahi rəhbərimiz, Heydər Əliyev Cənablarının hər dövrə dediyi fikirlər, Azərbaycanla bağlı arzular, onun siyasi varisi, Prezidentimiz Cənab İlham Əliyev tərəfindən həyata keçir.
Bakının mərkəzində yerləşən Ağ Şəhərdən keçərkən, düşünürəm! Zamanında Ulu Öndər demişdi: “Bir gün Qara Şəhər, Ağ Şəhərə çevriləcəkdir”. Vaxtilə Bakı şəhərinin bu ərazisi sənaye müəssisələrindən ibarət olan, çirkab neft tullantıları ilə zəngin olan bir ərazi idi. Elə buna görə də bu ərazi Qara şəhər adlanırdı. Hal – hazırda həmin bu ərazidə görülən işlər də, bir daha Ulu Öndərin dediyi hər bir cümlənin əməli işdə təsdiqinin nəticəsidir.