İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ NAZİRLƏR ŞURASININ 27-ci İCLASININ ŞUŞADA KEÇİRİLMƏSİ TARİXİ HADİSƏDİR
Solmaz Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 280 saylı Körpələr Evi və Uşaq Bağçasının müdiri
Bəli, Prezident İlham Əliyevin iclas iştirakçılarına ünvanladığı məktubda qeyd etdiyi kimi, xalqımız olduqca əlamətdar, ən qürurlu və tarixi dövrünü yaşayır. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağılardan azad edildi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin gün xalqa növbəti müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: “…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər bir günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günün hər bir dəqiqəsini, saatını Qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdik. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
44 günlük savaşdan qalib çıxmasına baxmayaraq, humanizm və sülhpərvər prinsipləri daim rəhbər tutan Azərbaycan II Qarabağ savaşından sonra dünya ermənilərinə özünün bu layiqli mövqeyini nümayiş etdirdi və Qalib ölkə kimi bir çox təsir mexanizmlərinə sahib olsa da, yekunda sülh əlini qarşı tərəfdə uzatdı. Ermənilər isə bəd əməllərindən əl çəkmədikdə, Azərbaycan Ordusu antiterror tədbirləri ilə tarixi missiyanı həyata keçirdi. Ermənilərin 200 ildən çox dövrü əhatə edən planları cəmi 23 saat 43 dəqiqəyə darmadağın edildi.
Azərbaycan bir daha göstərdi ki, Cənubi Qafqazda söz sahibi olan ölkədir və onun suverenliyinə təhdid ola biləcək istənilən amili zərərsizləşdirmək iqtidarındadır.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Allah şəhidlərimizə rəhmət eləsin. Yaşasın Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan ordusu!