II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qeyd olunan vacib məqamlar

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qeyd olunan vacib məqamlar

Sitarə Qurbanova

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Suraxanı rayonu, 270 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Müasir qlobal çağırışlar, iqlim dəyişiklikləri və yenidən formalaşan təchizat zəncirləri fonunda hər bir dövlətin dayanıqlı inkişafı onun daxili resurslarından nə dərəcədə effektiv istifadə etməsindən asılıdır. Bu kontekstdə Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyası təkcə mövcud enerji və logistika potensialının gücləndirilməsini deyil, həm də qeyri-neft iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutur.

Xüsusilə ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının modernləşdirilməsi, rəqəmsal transformasiya və ən əsası – insan kapitalının inkişafı bu prosesin ana xəttini təşkil edir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda da vurğulandığı kimi, ölkəmizin hədəfi əldə olunmuş iqtisadi gücü innovativ həllər və peşəkar kadr potensialı ilə birləşdirərək uzunmüddətli və rəqabətqabiliyyətli bir model yaratmaqdır

Azərbaycanın gələcək inkişaf perspektivləri sırasında ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı da mühüm yer tutur. Su qıtlığı, quraqlıq və qlobal təchizat zəncirlərində yaranan problemlər ərzaq təhlükəsizliyinin strateji əhəmiyyətini artırır. Bu sahədə daxili istehsalın gücləndirilməsi və idxaldan asılılığın azaldılması həm ölkənin daxili tələbatının ödənilməsi, həm də investorlar üçün yeni imkanların yaradılması baxımından əhəmiyyətlidir.

Rəqəmsallaşma və süni intellekt də Azərbaycanın yeni iqtisadi modelində mühüm istiqamətlərdəndir. Ölkənin coğrafi mövqeyi, enerji imkanları və rəqəmsal infrastrukturunun inkişafı data mərkəzlərinin yaradılması və rəqəmsal xidmətlərin genişləndirilməsi üçün imkanlar formalaşdırır.

Bu istiqamətdə kibertəhlükəsizlik, fiber-optik bağlantılar və rəqəmsal infrastrukturun inkişafı ilə yanaşı, ixtisaslı kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Çıxışda da vurğulandığı kimi, peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.

İnsan kapitalının inkişafı Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının əsas komponentlərindən biri kimi diqqət çəkir. Xaricdə təhsil proqramları vasitəsilə gənclərin müasir bilik və bacarıqlar əldə etməsi, onların ölkəyə qayıdaraq müxtəlif sahələrdə fəaliyyət göstərməsi milli kadr potensialının gücləndirilməsinə xidmət edir. Qabaqcıl beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və yerli mütəxəssislərin həmin təcrübədən faydalanması iqtisadiyyatın müxtəlif sahələrində yeni inkişaf imkanları yaradır.

Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş iqtisadi potensialı yeni inkişaf istiqamətləri ilə birləşdirməkdir. Enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, süni intellekt və insan kapitalı bu prosesin əsas istiqamətlərini təşkil edir. Ölkənin mövcud infrastrukturu, coğrafi mövqeyi, enerji imkanları və formalaşmış investisiya mühiti yeni layihələrin həyata keçirilməsi üçün mühüm baza yaradır.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti də məhz bu imkanların beynəlxalq biznes ictimaiyyətinə təqdim olunmasında və potensial investorlarla birbaşa əlaqələrin genişləndirilməsində özünü göstərir. Azərbaycanın qarşıdakı dövrdə iqtisadiyyatını daha da şaxələndirməsi, qeyri-neft sektorunun ixrac imkanlarını artırması və innovativ sahələrdə yeni investisiyalar cəlb etməsi ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi müəyyənləşir.

Paylaş