Simayə Teymurova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon, 97 saylı tam orta məktəbin coğrafiya müəllimi
Hər il xalqımız may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu günü böyük fərəh, razılıq və minnətdarlıq hissilə qeyd edir. Bu heç də təsadüfi olmayıb, onun Azərbaycan xalqının tarixi taleyində müstəsna rol oynaması, həyat və fəaliyyətinin çoxcəhətliliyi və burada bizim öyrənməli olduğumuz çox müsbət keyfiyyətlərin mövcudluğu ilə əlaqədardır.
Azərbaycan Respublikasının inkişaf tarixində 70-80-ci illər dönüş illəri hesab olunur ki, bu da Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunmuşdur. Məhz bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərmişdir.
Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilmişdir ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda yerləşdirilmişdir. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilmişdir ki, bu da Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq və abadlıq işləri, həmçinin məktəblər, mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapır.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi onun qarşısında bazar münasibətlərinə keçid şəraitində yeni imkanlar yaratmışdır. Qeyd etmək lazımdır ki, ölkənin dinamik və davamlı inkişafı onun təbii resurslarla, əsasən neft və qazla zəngin olması ilə bağlıdır və ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, bu dövrdə Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrinin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini irəli sürmüşdür. Bu da öz ifadəsini Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasında tapır. Belə ki, 1991-ci ildən başlanan siyasi və iqtisadi dəyişikliklər respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən sənayeyə də öz təsirini göstərmiş və onların inkişaf tempini aşağı salmışdır. Sənaye üzrə məhsul istehsalının aşağı düşmə tempi 1995-ci ildə 30 faiz təşkil etmişdir.
Ulu öndər hər zaman xalqın içində səmimi çıxış və söhbətləri ilə yaddaşımızda qalıb. “Suraxanı neft yatağının sənaye üsulu ilə istismarının 90 illik yubileyi münasibətilə sizi, sizin simanızda bütün suraxanılıları, bütün Azərbaycan neftçilərini səmimi qəlbdən təbrik edirəm. Azərbaycan neftçilərinə gələcək işlərində uğurlar, həyatda səadət, xoşbəxtlik arzu edirəm.”
Bundan əlavə qeyri-neft sektorunun inkişafı üçün də istiqamətlər vermişdi. -Azərbaycanda, sənayenin başqa sahələri xüsusən maşınqayırma, elektrotexnika, radiotexnika, cihazqayırma, elektronika, metallurgiya və digər sahələri də inkişaf edib. Böyük potensialı olan, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı, emal sənayesi, yüngül sənaye də çox inkişaf edib. Azərbaycanın bugünkü sənaye mənzərəsi çox genişdir, sənaye potensialı çox böyükdür, sənaye sahəsində çalışan alimlərimiz, mühəndislərimiz, mütəxəssislərimiz çox böyük elmi-texniki, intellektual potensial təşkil edir. Biz bunlarla fəxr edirik. Bütün bunlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün və ölkəmizin bundan sonra daim müstəqil yaşaması üçün böyük əsasdır. Bu bizim milli sərvətimizdir və daim milli sərvətimiz olacaqdır.