Sentyabrın 14-dən 15-nə keçən gecə Kəlbəcər rayonunda həqiqi hərbi xidmət zamanı vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun 3 mərasimi keçirilib.
Sentyabrın 17-də Suraxanı Rayonunda keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə şəhidin Binə qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Daha sonra açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirələri yad edilib.
RİH başçısı Əziz Əzizov Rüfət Ağayevin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıqlarını ifadə ediblər.