"Güclü ordu - güclü dövlət" strategiyasının və "Dəmir yumruq" siyasətinin nəticəsidir
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdirildi. 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişaf və tərəqqi işlərinə başladı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Onun ölkəmizin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlər Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən inkişaf və tərəqqi siyasəti öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun gücləndirilməsinə, müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən güclü ordularından birinə çevrildi.
Azərbaycan Ordusu Tovuz döyüşlərində nəyə qadir olduğunu sübut etdi. Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq iki il ötür. 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınmışdı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, "Güclü ordu - güclü dövlət" strategiyasının və "Dəmir yumruq" siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 19 illik Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində "Qarabağ Azərbaycandır" nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq.
Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Qazanılan Şanlı Qələbə Azərbaycanın yeni tarixini yazan, xalqımıza 44 gün ərzində 30 illik həsrətə son qoyan Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə güclü ordumuzun əsgər və zabitlərimizin rəşadətilə qazanıldı. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.
Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailərinə dövlət qayğısının ən böyük nümunəsidir. Bütün bunlar, bir daha təsdiq edir ki, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.