Gənclər ölkəsi – Azərbaycan
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Gənclik millətin gələcəyidir. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin aparıcı qüvvəsi gənclərdisə, deməli inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli liderimiz Heydər Əliyev müasir gənclər siyasətinin banisidir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə inam bəsləyirdi.
Ulu Öndər demişdir: “Bizim bugünki gəncliyimiz sağlamdüşüncəli gənclikdir, vətənpərvər gəclikdir, millətini, xalqını sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri izləməlidirlər. Ləyaqətlə fəaliyyət göstərərək öz xalqına, dövlətinə xidmət etməlidir.” Məhz Ümummilli liderimizin bu dərinmənalı fikirləri onu göstərir ki, Heydər Əliyev daim gənclərə önəm verib, öz siyasətinin əsas tərkib hissəsi hesab edib. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı.
Heydər Əliyevin gəncliyə və gənclərə etimadı artıq öz müsbət nəticəsini verib. Bu gün gənclərin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə özünün yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. O gəncləri özünün dostu hesab edir, hətta onun doğma, mehriban münasibəti gənclər üçün stimuldur. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.
1996-cı il 2 fevralda “Azərbaycan Gənclər Formu” – nun keçirilməsi, 1997-ci ildə 2 fevralın “Gənclər günü ”- nün təsisi ilə bağlı sərəncamını imzalaması Ümummilli liderimizin gənclərə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Xatırladaq ki, bu gün bayram olaraq qeyd etdiyimiz “Gənclər günü” MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmuşdur.
Bu gün Azərbaycan gəncliyi müasir dünya çağırışlarına cavab verən, dünyada baş verən elmi, siyasi, iqtisadi, humanitar prosesləri diqqətində saxlayan, dünyanın ən müasir ali təhsil ocaqlarında təhsil alan gənclərdir. Xüsusilə də milli-mənəvi dəyərlərə söykənən təlim-tərbiyənin nəticəsində son 18-20 ildə formalaşan gənclik inkişafı ilə Azərbaycanın gələcəyini özlüyündə ehtiva edir. 44 – günlük müharibədə, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır. Hansı ki, bu amillər həm ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində olan əsas xəttdir.
“Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.
Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib, dəstəkləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. Məhz gənclərimizin dünyanın hər yüksək tribunalarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan bayrağını yüksəsklərə qaldırması rəhbərimizin ali diqqətindən, qayğısından qaynaqlanır.
Sonda isə onu demək istəyirəm ki, özünü gənc hiss edən hər kəsin “Gənclər günü” mübarək olsun!