Ermənistanın başqa yolu yoxdur
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın və onun havadarlarının növbəti kampaniyası iflasa uğradı. Proses nümayiş etdirdi ki, Ermənistanın bu reallıqla barışmaqdan başqa yolu yoxdur. Reallıq onu göstərir ki, Azərbaycan regionda elə bir “alqoritm” qurub ki, Ermənistanın bütün addımları birbaşa Azərbaycanın “xeyrinə” işləyir. İstənilən təxribat yönümlü kampaniya Azərbaycanın qətiyyətli qələbəsi ilə sonlanır. Məsələyə dərindən baxsaq burada həm də Ermənistanın beynəlxalq ictimaiyyəti öz məkrli məqsədləri naminə “humanitar böhran” kimi vəziyyətlərdən istifadə edərək dəstək toplamaq səyləri də öz təsirini itirmişdir.
Təhlükəsizlik Şurasının iclasında heç bir dövlət Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ittihamlara məhəl qoymadı. Prezident İlham Əliyevin rəhbərliyi altında dərin təhlilə və uzaqgörən siyasətə əsaslanmış xarici siyasət xətti son 20 ildə Azərbaycanın ətrafında dost və tərəfdaş ölkələr çoxluğu yaradıb. Bu isə öz növbəsində beynəlxalq aləmdə Azərbaycanın haqq səsini dəstəkləyənlərin sayının daha da artmasına öz təsirini göstərmişdir. Siyasi səriştəsi və məsuliyyəti olmayan İrəvan rəhbərliyi çox yaxşı bilir ki, hazırki proseslər hansı hədəfə doğru gedir.
Dövlət olaraq Ermənistanın bütün sahələrində olduğu kimi onun xarici siyasətində də daim arxalandığı saxtalaşdırılmış məlumatlar əsasında beynəlxalq ictimaiyyətin manipulyasiyası işə yaramır. Ona görə ki, dövrümüzdə informasiya mübadiləsinin yüksək səviyyədə olması ictimaiyyət tərəfindən istənilən məsələnin araşdırılaraq həqiqətin aşkarlanmasını asanlaşdırır. Laçın dəhlizinin blokadaya alınması və Xankəndidə yaşayan erməni əsilli əhalinin aclığa məhkum edilməsi kimi saxta ittihamlar uyduran Ermənistan ekofəallarımızın aksiyası başlayandan bəri Azərbaycan tərəfindən daim Laçın-Xankəndi yolundan humanitar məqsədlərlə keçidin təmin edilməsi reallığını kölgələyə bilmədi. Azərbaycan və digər dünya mətbuatı gündəlik olaraq həmin yoldakı vəziyyətlə bağlı video görüntülər paylaşırdı və insanların rahat gediş-gəlişi təmin olunurdu.
Son dövrlərdə Ermənistanın artan təxribatları Laçın-Xankəndi yolunda Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin qurulmasına və yalnız humanitar keçidlərin həyata keçirilməsi ilə nəticələndi. Bununla bərabər Azərbaycan Ağdam-Xankəndi yolunun istifadəsinin mümkünlüyünü bildirdi. Lakin, Ermənistan burada da Azərbaycanın strateji həmləsinin qarşısında çarəsiz vəziyyətdə qalaraq bu yoldan da istifadəni imtina edir. Çünki, hər bir halda bütün proses Azərbaycanın Xankəndi və ətraf bölgələrdə süverenliyini tam şəkildə bərpa etməyə gətirir. Ermənistan artıq istəsə də, istəməsə də hazırki vəziyyət baxımından uçurumun addımlığındadır.