Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur
Svetlana Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri
İfrat millətçilik üzərində qurulmuş daşnaksutyun siyasətinə uyğun olaraq Azərbaycana qarşı əsl qətliamlar törətmiş, 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, on minlərlə dinc azərbaycanlı əhali yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
1988-ci ildən keçmiş Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyirdi bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdilər.XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.Müharibələr insanın cəmiyyət halında birləşdiyi ilk gündən etibarən düşündüyü ən qanlı layihələrdəndir. Onu ictimai praktikadan silib atmaq üçün yüz illər boyu çağırışlar səsləndirilməsinə baxmayaraq qanlı toqquşmaları nəinki birdəfəlik dayandırmaq mümkün olmayıb, əksinə, insan kütləvi qırğın silahlarının yaradılması sahəsində çox yüksək zirvələr fəth edib. Görünür, bəşəriyyət müharibələri fəlakətlərin səbəbkarı kimi lənətləməklə yanaşı, onun ədalətsizliyə, haqsızlığa, zorakılığa, təcavüz və işğallara qarşı sonuncu mübarizə forması olması ilə hesablaşmaqdan da vaz keçə bilməmişdir.
Tarixən sülhsevər, tolerant, barışdırıcı xüsusiyyətləri ilə tanınan Azərbaycan xalqının zorən cəlb olunduğu Qarabağ münaqişəsində müharibə kimi vasitəyə əl atmasını yalnız ədaləti bərpa etməyin sonuncu formasına müraciət etmək məcburiyyətində qalması ilə izah etmək mümkündür. Azərbaycanın qarşısında ədalət müharibəsinə başlamaqdan başqa yol qalmamışdı. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, işğal altında olan torpaqlarımızın danışıqlar yolu ilə qaytarılmasına çalışan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan xalqının və dövlətinin heç vaxt işğal faktı ilə barışmayacağını, işğalçı Ermənistanın bütün təxribatlarının qarşısının qətiyyətlə alınacağını, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini dəfələrlə bəyan etmişdir.
2016-cı ildə baş vermiş Aprel döyüşləri, 2018-ci ildə keçirilmiş uğurlu Günnüt əməliyyatı, 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri Azərbaycan dövlətinin iradəsinin, Ordumuzun gücünün və xalqımızın həmrəyliyinin göstəricisi olmuşdur.Ermənistan 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri vermişdir.2020-ci il sentyabrın 27-də başlayan və noyabr ayının 10-dək 44 gün davam edən İkinci Qarabağ - Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun Zəfər yoluna çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatının həyata keçirilməsi, döyüş meydanında Qələbə qazanılması sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuş, işğal altında olan torpaqlar azad olunmuş, Azərbaycan öz milli və hərbi-siyasi gücü ilə tarixi ədalətin bərpa edilməsinə müvəffəq olmuş, Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur.