Ermənilər Ağdamı tamamı ilə yer üzündən silmişlər
Svetlana Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri keçmiş Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Ağdamı və onun kəndlərini işğal etmişdilər. Nəticədə, 1154 kvadratkilometr ərazisi, işğal zamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Hazırda hələki Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 100 minə yaxın əhali (onlardan 50 min nəfərdən çoxu məcburi köçkündür) yaşayır.
Ağdam azad olunsa da, rayonunun 200 mindən çox olan əhalisinin 3/2 hissəsi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən döyüşlərdə 5897 nəfər şəhid oldu, 3531 nəfər yaralandı və əlil oldu.
Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, yəni Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları, cənubda Xocavənd, şərqdə Ağcabədi rayonu, qərbdə isə Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.
İşğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Aparılan arxeoloji tədqiqatlar zamanı aydın olmuşdu ki, Üçoğlantəpə deyilən yerdə ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə yiyələnmişlər. Rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı eneolit və orta tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələraşkarlanıb.Tarixi və memarlıq abidələrindən Sarıhacılı kəndindən 3 kilometr cənub-şərqdə Çinartəpə yaşayış yeri (e.ə.II-I minilliklər), Göytəpə kəndinin qərbində Göytəpə yaşayış yeri (tunc dövrü), Papravənd kəndinin cənub-şərqində Güllütəpə - II yaşayış yeri (son tunc dövrü, ilk orta əsrlər), Güllütəpə - I yaşayış yeri (III-XIII əsrlər), Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), Şeyx Nigari türbəsi, türbələr və məscid (XVIII əsr),eləcə də rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr məhv edilmişdir.
Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ümumilikdə, 130-dan çox tarixi abidələr və maddi-mədəniyyət nümunələri yer üzündən silinmişdir.
İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərmişdir.
XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1988-1993-cü illərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmişdi Bu, Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir