Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də Prezident İlham Əliyevin çıxışlarında daim vurğulanan milli birlik ideyasının davamıdır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də Prezident İlham Əliyevin çıxışlarında daim vurğulanan milli birlik ideyasının davamıdır

Şəfəq Abdullayeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəb ümumtəhsil  məktəbi” publik hüquqi şəxsin müəllimi

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün dünyada yaşayan soydaşlarımız üçün milli birlik, mənəvi yaxınlıq və azərbaycançılıq ideyasının gücləndiyi xüsusi bir gündür Bu gün azərbaycanlıların yaşadıqları ölkələrdən asılı olmayaraq Vətənlə olan bağlarını daha dərindən hiss etdikləri, milli kimlik və mədəni dəyərlərini bir daha yad etdikləri əlamətdar bir tarix kimi qeyd olunur. Həmrəyliyin mahiyyəti yalnız bayram xarakteri daşımır, o həm də tarixən bölünmüş xalqımızın vahid amal uğrunda bir araya gəlməsinin simvoludur.

Bu günün seçilməsinin tarixinə nəzər saldıqda, 1989-cu ilin dekabrında baş verən hadisələr xüsusi yer tutur. Həmin il Azərbaycan və İran arasında yerləşən sərhədlərin müəyyən hissələrində yerli xalq tərəfindən sərhəd məftillərinin sökülməsi nəticəsində Şimali və Cənubi Azərbaycanda yaşayan soydaşlarımız bir-birinə qovuşmaq imkanı əldə etdilər. Bu hadisə yüz illərlə bir-birindən uzaq düşmüş insanların qısa müddətlik də olsa görüşməsinə şərait yaratdı və azərbaycanlıların birlik arzusunu daha da gücləndirdi. Sərhəd məftillərinin qaldırılması xalqın milli iradəsinin təzahürü kimi tarixə düşdü və azərbaycanlıların bölünməsinə baxmayaraq ruhən və mənəvi olaraq bir xalq olması bir daha nümayiş olundu.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün rəsmi şəkildə təsis edilməsi isə dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyev bu tarixin hər il Həmrəylik Günü kimi qeyd edilməsi təşəbbüsü ilə çıxış etdi. Bu qərar Azərbaycan parlamenti tərəfindən dəstəkləndi və 1992-ci ildə 31 dekabr rəsmi dövlət bayramı kimi qəbul edildi. O vaxtdan etibarən həmrəylik günü xalqımızın milli təqvimində xüsusi yer almalaya başladı. Bu addım azərbaycanlıların dünya səviyyəsində birliyinin gücləndirilməsi istiqamətində atılan ən mühüm qərarlardan biri oldu.

Həmrəylik Günü diaspor fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı bu gün vasitəsilə Vətənlə olan mənəvi bağlarını yenidən duyur, öz mədəniyyətlərini yaşadıqları cəmiyyətlərdə təbliğ edirlər. Təxminən 50 milyondan çox soydaşımız dünyanın müxtəlif ölkələrində yaşayır və bir çox sahələrdə fəaliyyət göstərirlər. Onlar Azərbaycan mədəniyyətini, dilini və tarixini qorumaqla yanaşı, ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasına da töhfə verirlər. Bu baxımdan həmrəylik günü yalnız Azərbaycan daxilində deyil, dünya miqyasında milli kimliyimizin qorunması üçün xüsusi əhəmiyyət daşıyır.

Dövlət səviyyəsində diasporla əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra mühüm addımlar atılmışdır. 2001-ci ildə keçirilmiş Birinci Dünya Azərbaycanlılarının Qurultayı bu istiqamətdə böyük dönüş yaratdı. Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı fəaliyyətçiləri, alimləri, iş adamlarını və ziyalıları bir araya gətirdi və diaspor təşkilatlanmasının əsasını qoydu. Bu qurultaydan sonra xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması daha da sürətləndi və vahid məqsədlər uğrunda birgə fəaliyyət artırıldı. 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması isə diasporla işin daha sistemli şəkildə həyata keçirilməsinə şərait yaratdı. Komitə vasitəsilə diaspor təşkilatları arasında əlaqələr gücləndirildi, mədəni tədbirlər, konfranslar və ictimai fəaliyyətlərə dəstək verildi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ciddi işlər görüldü.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də Prezident İlham Əliyevin çıxışlarında daim vurğulanan milli birlik ideyasının davamıdır. Hər il Prezident tərəfindən soydaşlarımıza ünvanlanan təbrik müraciətləri azərbaycanlıların həmrəyliyinin yalnız keçmiş hadisələrə əsaslanmadığını, eyni zamanda bu ideyanın gələcəyə doğru inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı milli kimliyini unutmamalı və Azərbaycan dövlətinin güclənməsi istiqamətində fəaliyyət göstərməlidir. Onun fikrincə, diasporun gücü yalnız milli mədəniyyətin yaşadılmasında deyil, həm də beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizə bir daha xatırladır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz milli kimliyinə sadiq qalmalı, Vətənin güclənməsi naminə fəaliyyət göstərməli və birlik ruhunu qoruyub saxlamalıdır. Bu bayram xalqımızın birliyinin, həmrəyliyinin və ortaq dəyərlərinin gələcək nəsillərə ötürülməsinin mühüm simvolu olaraq yaşayır və yaşamaqda davam edəcəkdir.