Dünya ictimaiyyəti Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyib
1992-ci il fevralın 25-dən 26-na keçən gecə tariximizin ən dəhşətli səhifələrindən biri olan Xocalıda xalqımıza qarşı soyqırım baş verdi. Həmin gün mənfur erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərində vəhşiliklər törətdilər. Xocalılara qarşı törədilən qətliam XX əsrin ən dəhşətli Xatın, Xirosima faciələrinin oxşarıdır. Məlumdur ki, Xocalıdakı erməni cinayətlərinin arxasında azərbaycanlıların tarixi torpaqlarına sahib çıxmaq məqsədi dayanırdı. Tarix boyu həmişə nankor qonşularımız əzəli Vətən torpaqlarımıza qənim kəsiliblər. Başı kəsilən, gözləri çıxarılan, üzlərinin dərisi soyulan, bədəni süngüylə deşilən insanların da günahı azərbaycanlı olması idi.
Qarlı qış gecəsində haray çəkən qocaya, cavana, uşağa aman vermədilər, erməni cəlladları. Beləcə, erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə daxil olub, qəbiristanlıqları hərbi texnika ilə dağıtdılar. Xocalıdan 613 nəfər dinc sakini, 106 nəfər qadını, 63 azyaşlı uşağı, 70 qocanı xüsusi amansızlıqla qətlə yetirdilər. Eyni zamanda 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 nəfər dinc sakin isə əsir götürülsə də, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
İndi həqiqət odur ki, ermənilərin Xocalını dağıtmaqda ən çirkin niyyətləri vardır. Məlumdur ki, Xocalı Azərbaycanın qədim tarixə malik ərazisi olmaqla bərabər, həm də Xocalı-Gədəbəy mədəniyyəti kimi tanınır. Bu zəngin mədəniyyəti elə dağıtmağa, yerlə-yeksan etməyə çalışan da ermənilər olub. Erməni vəhşiliyinin, cinayətlərinin sayı-hesabı yoxdur.Xocalıda başı kəsilən, gözləri çıxarılan, üzlərinin dərisi soyulan, bədəni süngüylə deşilən insanların da günahı azərbaycanlı olması idi.
Ulu öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərmana görə “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Qeyd edim ki, Londonun Faynenşl Tayms qəzetiin jurnalisti 9 mart 1992-ci ildə yazırdı: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.”
Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lenta alan Livanlı kinooperator da təsdiq etmişdir ki, “onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.” Göründüy kimi erməni xisləti, erməni vəhşiliyi haqqında dünya mətbuatı 32 il öncə yazıb. Ancaq hələ də dünya ictimaiyyəti Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməyib. Eyni zamanda Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi də əsasdır.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız erməni işğalından azad oldu. Çox sevinirik ki, Böyük Zəfər Qələbəsini bizə ərməğan edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bizi 30 il həsrətində qaldığımız tarixi ərazilərimizə qovuşdurdu. Bu gün həm də qürurluyuq - Azərbaycanın 3 rəngli bayrağı Xocalıda dalğalanır! Xocalıların da ən böyük arzusu Xocalıdakı evlərinə tez qayıtmaqdır.