Dövlətimizin sülhpərvər və xoşməramlı siyasəti dünyada rəğbətlə qarşılanır

Dövlətimizin sülhpərvər və xoşməramlı siyasəti dünyada rəğbətlə qarşılanır

Südabə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru

Suverenliyimizin bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycan sülh gündəliyinin müəllifi kimi beynəlxalq nüfuz qazanıb. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanan lider olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün əsas memarı kimi adını tarixə yazdırdı. Azərbaycan hazırda təkcə regionun deyil, daha geniş qlobal sistemin etibarlı aktoruna çevrilib. Dövlətimizin sülhpərvər və xoşməramlı siyasəti birmənalı olaraq beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Humanizm prinsipinin daxili və xarici siyasətdə yüksək səviyyədə tətbiqi ölkəmiz üçün mühüm nailiyyətlər yolunda nikbin proqnozlar yaradıb.“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim edilməsi fikirlərin ali səviyyədə sübutudur. “Zayed İnsan Qardaşlığı Mükafatı” insanlar arasında sülhü, birgəyaşayışı, qarşılıqlı hörməti və həmrəyliyi təmsil edir və bu mükafat, mahiyyət etibarilə, insanların fərqliliklərə baxmayaraq qardaşlıq ruhunda yaşaya biləcəyini simvolizə edir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” bəşəri dəyərlərin qorunması və təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mükafat dünyada sülhün, tolerantlığın və qarşılıqlı hörmətin möhkəmlənməsinə töhfə verir. Fərqli dinlərə, millətlərə və mədəniyyətlərə mənsub insanların birgəyaşayış ideyasını təşviq etməklə cəmiyyətlər arasında anlaşmanı gücləndirir.

Mükafat insan hüquqlarının müdafiəsini, sosial ədaləti və humanitar fəaliyyətləri ön plana çıxarır. Eyni zamanda, “Zayed İnsan Qardaşlığı Mükafatı” fərdləri və təşkilatları müsbət təşəbbüslərə ruhlandırır, onları cəmiyyət üçün faydalı layihələr həyata keçirməyə təşviq edir. Humanizm, mərhəmət və həmrəylik kimi ali dəyərləri təşviq etməklə mükafat dünyada ümumbəşəri dəyərlərin güclənməsinə mühüm töhfə verir.

Dünyada sülhə, insan hüquqlarına, sosial ədalətə və birgəyaşayışa mühüm töhfə verən şəxslərə və ya təşkilatlara təqdim edilən mükafatın mənəvi mahiyyəti ölkəmizdə bərqərar olmuş idarəetmə prinsipləri ilə adekvat tandem təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən görüş çərçivəsində  “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərar qəbul etdikləri bildirildi.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: “Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir. Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.

Regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsi dövlət başçısı tərəfindən aparılan məqsədyönlü, uzaqgörən və müdrik siyasətin nəticəsidir. Bu gün qüdrətli dövlətimiz davamlı yüksəliş yolunda inamla irəliləyir. Dövlətimizin uğurları ilə hər birimiz fəxr edirik.