Dövlətimizin idmana olan qayğısı 2022-ci ildə də yeni uğurların əldə olunmasına zəmin yaratmışdır
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 282 nömrəli tam orta məktəin direktoru
Ardıcıl inkişaf yolunu tutan ölkəmizin 2022-ci il üçün nəticələrini gözdən keçirəndə inkişafda olan istiqamətlərdən birinin də məhz idman sahəsi olduğu nəzərə çarpır. Azərbaycanın dünya arenasında idman ölkəsi kimi tanınması ötən illərin idman göstəriciləri ilə öz təsdiqini tapmışdır. Davamlı inkişafın təmin edilməsində maraqlı olan dövlətimiz idman sahəsinə qayğını ən yüksək səviyyədə davam etdirməklə 2022-ci ildə də yeni uğurların əldə olunmasına zəmin yaratmışdır. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayının 800-dən çox olması qeyd olunanların əyani göstəricisidir. Nəzərə alsaq ki, həmin medalların 300-dən çoxu qızıl medaldır, deməli Azərbaycanın beynəlxalq aləmdə qalib ölkə imicinin formalaşmasında idmançılarımızın və bu sahəni diqqətdə saxlayan ölkə rəhbərliyinin xidməti danılmazdır. Siyasi səviyyədə və döyüş meydanında qazanılmış uğur Zəfər Gününün simasında ölkə vətəndaşlarının sabaha inamını və inkişafa istiqamətlənməsini təmin etdiyindən idman sahəsində də xüsusi bir ruh yüksəkliyi sezilməkdədir.
Qalib ölkənin vətəndaşı olmağın qüruru idmançılarımızı daha əzmlə mübarizə aparmağa təşviq edən təkanlardan biridirsə ölkədə idmana göstərilən diqqət və qayğı bu sahənin inkişafını şərtləndirən cəhətlərdən digəridir. İdmana marağın yaradılması və getdikcə artırılması gələcək nəsillərin sağlam yetişməsini diqqətdə saxlayan dövlətin məqsədli tədbirlərinin bir hissəsidir. Belə ki, gənclərin fiziki aktivliyinin, əyləncə və maraqlarının bu yolla təmin olunması onları pis vərdişlərdən uzaqlaşdıran ən yararlı metodlardandır. Məhz bu səbəbdən də ölkəmizdə idman obyektlərinin tikilib istifadəyə verilməsi, uşaq və gənclərin idmanın müxtəlif sahələrinə cəlb olunması prosesi mütəşəkkil şəraitdə həyata keçirilir.
Nailiyyət qazanaraq ölkəmizin idman şərəfini layiqincə qoruyan idmançılara göstərilən diqqət və qayğı da gənclərin idmana münasibətinin müsbət yönləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Ölkə başçısı Prezident İlham Əliyevin idmançılarla mütəmadi görüşləri bu baxımdan xoş bir ənənəyə çevrilməklə yanaşı həm də idmançıların daim diqqətdə olmalarının bariz nümunəsidir. Belə görüşlər idman sahəsindəki uğurların qeyd olunması ilə bərabər ehtiyacların müəyyən olunması və sonrakı dövr üçün bu istiqamətdə aparılacaq işlərin də planlaşdırılmasında rol oynayır.
İdman obyektlərinin açılışı xronikası onu göstərir ki, təkcə paytaxtda deyil, bölgələrdə də idman sahəsinin inkişafı üçün böyük işlər görülür. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksinin yaradılması idmana dövlət səviyyəsində diqqətin göstəricisidir. 2020-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin önəmli bir hissəsinin də idman sahəsinə ayrılması təqdirəlayiqdir. Yeni yaradılmış şərait nəticəsində qısa zaman ərzində həmin torpaqlarda beynəlxalq yarışların təşkili ölkəmizdə idmanın inkişafının təmin olunması istiqamətində aparılan kompleks işlərin bir hissəsi olmaqla yanaşı həm də dünyanın diqqətini Azərbaycanın öz torpaqlarını işğalçı qüvvələrdən fərqli olaraq müsbət və mütərəqqi məqsədlə istifadə etdiyinə yönəldir.
Ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi Azərbaycanın dünyada tanınmasına yol açır. İdman bayramına çevrilərək bütün ölkə ictimaiyyətinin həyəcan, maraq və sevinci ilə müşaiyət olunan belə yarışlardan danışarkən I İslam Həmrəyliyi Oyunlarını, Olimpiya Oyunlarının təsnifat turnirlərini xatırlamamaq olmur. 2023-cü ildə də bu fəaliyyətlərin davamı olaraq Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsinin də uğurla yekunlaşacağına inam böyükdür. Azərbaycanın Yay Olimpiya Oyunlarında ən yüksək səviyyədə təmsil olunması üçün bütün idman ictimaiyyətinin səfərbər olması ölkəmizə uğur vəd edir. 2023-cü ilin uğur və yüksək nəticələr ili kimi yaddaşlara yazılacağına şübhə yoxdur