Dövlət Bayrağı müstəqil Azərbaycanın səsidir, nəfəsidir
Ləman Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın siyasi-mənəvi irsinin, müstəqil dövlətçilik ənənəsinin və milli özünüdərkinin ali rəmzlərindən biridir. Üçrəngli bayraq Azərbaycan cəmiyyətinin tarixi inkişaf mərhələlərində formalaşmış milli ideologiyanı, dövlət suverenliyini və xalqın birliyini təcəssüm etdirir. Onun rəng və forma sistemi Azərbaycanın türk mənşəyini, demokratik inkişaf yolunu və islam mədəniyyətinə bağlılığını simvolik şəkildə ifadə edir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayraq xalqımızın ilk müstəqil dövlətçilik təcrübəsinin rəmzi olmuşdur. Sovet dövründə rəsmi istifadədən kənarlaşdırılsa da, milli azadlıq düşüncəsi ilə yaşayan ziyalılar və ictimai-siyasi şəxsiyyətlər bu bayrağı mənəvi dəyər kimi qorumuşlar.
1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq yenidən dövlət rəmzi kimi təsbit edilmişdir ki, bu da milli dövlətçilik ideyasının yenidən dirçəlişində mühüm mərhələ olmuşdur.
Dövlət Bayrağının qlobal səviyyədə tanınması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ilə paralel inkişaf etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dövlət Bayrağı müstəqil Azərbaycanın səsi və nəfəsidir.
Xüsusilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizə nəticəsində bayrağımızın işğaldan azad edilmiş torpaqlarda yenidən dalğalanması, onun təkcə rəsmi atribut deyil, həm də qürur və qələbə rəmzi olduğunu təsdiq etmişdir.
Dövlət Bayrağı Günü – 9 Noyabr, xalqımız üçün yalnız tarixi bir xatırlatma deyil, həm də milli dəyərlərə sədaqətin, dövlətə bağlılığın və vətəndaş məsuliyyətinin təcəssümüdür. Bayrağa ehtiram göstərmək hər bir vətəndaşın mənəvi borcu olmaqla yanaşı, milli kimliyimizin və dövlət müstəqilliyimizin qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edir.