Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verir

Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verir
Səadət Rəşidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən birini Türk dövlətləri ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, bütün sahələr üzrə əlaqələri genişləndirmək təşkil edir. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarır. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkəmizin ənənənvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb. 1993-cü ildə Azərbaycanda Qazaxıstanın, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. Prezident İlham Əliyev 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanat vermişdir və Qazaxıstanı qardaş ölkə və starateji əməkdaş adlandırmışdır.
İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım Jomart Kemelyeviçin təşəbbüsüdür. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. 12 mart 2024-cü il tarixində keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu tikilinin açılış mərasimi təşkil olundu. Bu Qazaxıstanın Azərbaycana hədiyyəsidir, azad edilmiş ərazilərin bərpasına dəstəyidir.
Azərbaycanın Prezidenti İlham Əliyev bəyanatında ərazi bütövlüyünün və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi dəstəyə görə Qazaxıstana minnətdarlığını bildirmişdir. Səfər çərçivəsində neft-qaz sahəsində əməkdaşlıqla bağlı vəziyyət də geniş təhlil edilib. Məlumdur ki, ölkələrimiz arasında neft üzrə uğurlu əməkdaşlıq mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Qazaxıstan mənşəli xam neftin dünya bazarına çıxarılmasını buna misal göstərə bilərik.
Azərbaycan-Qazaxıstan əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində bundan sonra da inkişaf edəcək, ortaq soykök və mədəni-tarixi əlaqələrə malik ölkələrimiz arasında münasibətlər daha da genişlənəcək.