Dövlət başçıları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə saldılar

Dövlət başçıları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə saldılar

Elvina Əhmədova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini 

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsi üzrə 2016-cı ildə imzalanmış müvafiq Hökumətlərarası Sazişə əsasən yaradılmış birgə Texniki Komissiya layihələrin icrası prosesindən irəli gələn məsələlərin müzakirəsi, razılaşdırılması və həllinə töhfə verir.

“Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək.

Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.

Göründüyü kimi, “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.

Prezident İlham Əliyev bildirib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Yeri gəlmişkən, öz növbəsində İran Prezidenti Seyid İbrahim Rəis deyib ki, biz təbii ki, qardaş, qonşu və dost ölkələrik: ”İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir”. Əlavə edib ki, bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir.

Amma bu, bir faktdır ki, son günlər iki ölkə arasındakı bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr də peyda olmuşdu. Onlar nəyin bahasına olursa-olsun iki qonşu dövlət arasında münasibətləri kəskinləşdirməyə cəhdlər edirdilər. Amma bu görüş bir daha göstərdi ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bu iki ölkənin arasına girə bilməz. Dövlət başçımızın bildirdiyi kimi, bu səylər əbəsdir və  bugünkü mərasimlə bunu bir daha sübut edirik.

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesindən söz açan dövlətimizin başçısı bildirib ki, artıq bu prosesin ilkin müsbət nəticələrini görürük. Bunu ümidverici hadisə hesab edən dövlətimizin başçısı vurğulayıb: “Çünki bu, ümid verir ki, nəhayət uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq”.

Ölkə başçısının sözlərinə görə, birgə səylərlə bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik: “Bu gün, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Beləliklə, biz birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik”.

Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır.Bu, ümidverici hadisədir. Çünki bu, ümid verir ki, nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.

Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə önəmli yerlərdən birini tutmuşdur. Bu isə iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir. Bu, eyni zamanda, həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.