Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin direktoru
“2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək”.
Sentyabrın 16-da Özbəkistanın qədim şəhəri Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Bu mötəbər toplantıda çıxış edən ölkə rəhbəri bütün təşkilatın, eləcə də ayrı-ayrı üzv dövlətlərin maraqları ilə uzlaşan mesajlar verib, konkret maraqlı istiqamətlər göstərib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması təşəbbüslərinin tərkib hissəsi kimi hazırlanmışdır. Bu Strateji Yol Xəritəsi logistika və ticarət sahəsində iqtisadi inkişaf üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən edir. Burada 2020-ci ilədək dövr üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün bir sıra prioritet və tədbirlər göstərilmiş, habelə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Azərbaycan Respublikasında real ÜDM-in 605 milyon manat artacağı, eyni zamanda, ümumilikdə, 18900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün dövlət və özəl mənbələrdən istifadə edilməklə, cəmi 3160 milyon manat investisiya qoyuluşunun tələb olunacağı gözlənilir.
Prezident çıxışı zamanı bildirib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.
“Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.
Prezident cənab İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Bu, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Qeyd edilib ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Prezident cənab İlham Əliyev sentyabr ayuının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təxribat barədə məlumat verdi. O, diqqətə çatdırıb ki, Azərbaycan ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib: “İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Bu reallıqlara rəğmən Azərbaycana qarşı qərəzli münasibət göstərən, Ermənistanın “təcavüz” yalanlarına dəstək verənlərə də mesaj verib. Sitat: “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı”.
Prezident BMT-yə yerinə düşən xatırlatma edib və qəti mövqeyini bir daha ifadə edib: “Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib”.
Prezident bu açıqlaması ilə Azərbaycana qarşı qərəzli münasibətlərə, təhdidlərə, hədə-qorxulara rəğmən haqlı mövqeyindən çəkilməcəyini bir daha bəyan etmiş olub. Həmçinin dövlət başçısı qalib Azərbaycanın dünyadakı mühüm roluna və ermənilərin havadarlarının ədalətsiz mövqeyinin hansısa nəticə verməcəyinə işarə edib.
Azərbaycan Prezidenti çıxışında Zəngəzur dəhlizinə toxundu və dəhlizin fəaliyyətə başlanmasının hamı üçün faydalar gətirəcəyini vurğuladı: “2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”.
Dövlət başçımız qlobal böhran, qlobal inflyasiya və təchizat zəncirlərinin pozulması kontekstində nəqliyyat əlaqələri məsələsinin son dərəcə aktuallıq kəsb etdiyi dövrdə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının zəruriliyini diqqətə çatdırır. Dövlət başçımız ən yüksək səviyyədə Ermənistanın destruktiv addımları barədə bir daha məlumat verdi, Zəngəzur dəhlizinin açılmasının ləngidilməsinin, eləcə də Azərbaycan–Emənistan münasibətlərinin normallaşması prosesinin yubanmasının arxasında rəsmi İrəvanın dayanması barədə xəbərdarlıq etdi. Azərbaycanın yanaşması ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olması üçün əsasdır və rəsmi Bakı bu istiqamətdə israrla fəaliyyət göstərəcək.